“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır.
Qaziler.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.
Qoruğun yaradılması Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyəti nəzərə alınaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədi daşıyır.
Sənədə əsasən, Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib.
Qeyd edilib ki, Nazirlər Kabineti iki ay müddətində Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, eləcə də Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməlidir.
Dövlət Turizm Agentliyi isə Qoruğun idarə olunmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycanın dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.