"Mən əziz dostum, qardaşım Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim".
Qazier.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında deyib.
"Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. Sağ olun", - deyə dövlət başçısı bildirib.
Prezident Emoməli Rəhmon isə öz növbəsində təşəkkür edib: "Sağ olun, İlham Heydər oğlu. Məni Azərbaycan Respublikasına səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. İlk münasib imkan yaranan kimi Sizin lütfkar dəvətinizdən mütləq istifadə edəcəyəm".