İlham Əliyev TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir - Yenilənib

İlham Əliyev TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir - Yenilənib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir.

Qaziler.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.

 

*****

13:39

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü başlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.

Ötən il keçirilən Səmərqənd Zirvə görüşündə müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası hazırkı toplantıda ilk dəfə iştirak edir.

Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğanın Zirvə görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.

Zirvə görüşündən sonra mətbuat konfransı keçiriləcək.

loading...
Diaspora