Səmərqənddə İlham Əliyev və Şavkat Mirziyoyev arasında görüş keçirilib - YENİLƏNİB

Səmərqənddə İlham Əliyev və Şavkat Mirziyoyev arasında görüş keçirilib - YENİLƏNİB backend

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Dövlət başçıları və birinci xanımlar birgə foto çəkdirdilər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:

-Hörmətli İlham Heydər oğlu, bir daha Özbəkistana xoş gəlmisiniz. Sizi Səmərqənddə görmək mənə çox xoşdur. Çox şadam ki, Siz xanımınız Mehriban Arif qızı ilə birlikdə gəlmisiniz. Ona görə ki, mən demişəm, bu, rəmzi məna daşıyır. Dediyim kimi, sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində. Biz görürük ki, bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verib. Özbəkistanda bu tarixi hadisə ilk dəfədir. Nə üçün Səmərqənddə təşkil olunması da böyük əhəmiyyət kəsb edir, ona görə ki, sabah Səmərqənddə ilk dəfə olaraq Zirvə Görüşü yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir. Beləliklə, xoş gəlmisiniz!

Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə - 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi-qəlbdən təbrik edirəm.

Əlbəttə, dediyimiz kimi, bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bir misal göstərim – bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər. Hökumətlərarası Komissiyanın iclası uğurla, çox yaxşı keçib və həmkarlar Hökumətlərarası Komissiyanın sədri ilə söhbət ediblər, yaxşı plan nəzərdə tutublar.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Sağ olun, hörmətli Şavkat Miromonoviç.

İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən Səmərqənddə olmağıma çox şadam. Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə təbrikinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz qardaş özbək xalqının, şəxsən Sizin bizə, ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətinizi çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik. Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq.

Həqiqətən son vaxtlar biz çox yaxınlaşmışıq. Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir. Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən Sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra Sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Ona görə ki, burada dünya liderlərinin iştirakı ilə dünya səviyyəli müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu münasibətlə də Sizi təbrik edirəm.

Əlbəttə, Sizin qeyd etdiyiniz mövzular gündəlikdədir. Biz Sizinlə razılaşdıq ki, qərarlarımızın yerinə yetirilməsinə nəzarət edəcəyik. Sizin qeyd etdiyiniz kimi, bütün istiqamətlər üzrə yaxşı proseslər gedir.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Xüsusilə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlərə toxunuldu, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu.

Söhbət zamanı maşınqayırma sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində müsbət nəticələrin olduğu bildirildi. Əczaçılıq, energetika sahələrində nailiyyətlər, həmçinin ipəkçilik sahəsində iki ölkə arasında qurulmuş uğurlu əməkdaşlıq layihəsindən çıxış edərək pambıqçılıq və toxuculuq sahələrində də ölkələrimiz arasında nailiyyətlərin olduğu vurğulandı. Bundan başqa, iki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forumun keçiriləcəyi qeyd olundu. Bu Forum çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı müsbət hal kimi vurğulandı. Bu tədbirlərin Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyi ifadə edildi.

Dövlət başçıları, həmçinin iki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edərək, mədəniyyət qruplarının intensiv qastrol səfərlərinin təşkilinin vacibliyini bildirdilər.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı vurğulandı. Xüsusən təşkilatın adının dəyişdirilməsindən sonra ilk Zirvə Görüşünün bu tarixi şəhərdə təşkil olunmasının önəmi qeyd edildi.

17:25

 

17.28

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

 

17:18

Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir.

Özbəkistan və Azərbaycan Prezidentləri arasında görüş Səmərqənddə Türk Dövlətləri Təşkilatının zirvə görüşü çərçivəsində baş tutub.

Özbəkistan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, iki ölkə liderləri avtomobil sənayesi, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini sürətləndirmək niyyətindədirlər.

 

loading...
Diaspora