Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO backend

Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Bolqarıstan Prezidenti bəyanatla çıxış etdi.

                                                                 Prezident Rumen Radevin

                                                                                 bəyanatı

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Bu gün mən böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi - Bolqarıstanın dostunu salamlayıram. Biz ənənəvi olaraq dostluq münasibətlərinə malikik, həqiqi və səmimi əməkdaşlıq edirik. Cənab Əliyev və mən ikitərəfli münasibətlərimizi, onların mövcud vəziyyətini, qarşımızda duran çağırışları müzakirə etdik və əlbəttə ki, yeni imkanları nəzərdən keçirdik.

Böyük məmnuniyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var. Biz artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır. Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik.

Cənab Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var. Birincisi, biz bu il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edirik. İkincisi, bu səfər çərçivəsində sabah - oktyabrın 1-də biz rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışını qeyd edəcəyik. Həmin interkonnektor - bu strateji layihə həm bizim ölkə, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik. Mən cənab Əliyevə təşəkkür edirəm ki, biz bu məsələyə sadiqlik və əzm sayəsində, vaxtilə imzaladığımız strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında bu gün münasibətlərimizi inkişaf etdiririk.

Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir. Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər. Bu təklif sabah rəsmi olaraq təqdim ediləcək. Biz bunu Avropa Komissiyasının Prezidenti və bu 4 ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksəksəviyyəli görüş təşkil edə bilərik. Bununla da layihəni irəli apara bilərik, bu layihəyə start verə bilərik.

Hazırda qaza olan yüksək tələbat və böhran şəraitində yeni imkanlar axtarışındayıq. Prezident Əliyev və mən müxtəlif məsələləri, müxtəlif fikirləri müzakirə etdik. Çünki bizə sement istehsalında, şüşə istehsalında və digər istehsalat sahələrində qaz lazımdır. Azərbaycan da müxtəlif məhsullar istehsal edir. Beləliklə, biz birbaşa Azərbaycandan qaz həcmi ala biləcəyik. Bu, çox vacib bir məsələdir və bu qaz bizim vasitəmizlə artıq üçüncü ölkələrin bazarlarına nəql edilə bilər. Biz burada nəqliyyat xərclərinə və vaxta qənaət edirik. Bu prosesdə Bolqarıstan daha fəal iştirak edəcək və bizim qaz şirkətimiz olan "Bulqarqaz" da daha fəal rol oynayacaq. Biz təbii ki, bu məsələni cənab Əliyevlə yenə də müzakirə edəcəyik ki, bizim imkanlarımız nədən ibarətdir, hansı variantlarımız var. Biz bu məsələdə maraqlıyıq və təbii qazı elektrik enerjisinə çevirmək məsələsini də nəzərdən keçirəcəyik. Bu, təkcə Bolqarıstan üçün deyil, həm də Avropa İttifaqı üçün mühüm məsələdir. Əlbəttə ki, Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çox mühüm əhəmiyyətə malikdir.

Biz müzakirələrimizdə təkcə enerji məsələsi ilə kifayətlənmədik. Biz yeni imkanları, digər innovativ sahələrdə əməkdaşlıq imkanlarını axtaracağıq. Məsələn, informasiya texnologiyaları və süni intellekt. Əlbəttə ki, hazırda bizim qarşımızda “yaşıl enerji”, karbon neytrallığı ilə bağlı müəyyən çağırışlar var. Bunun üzərində də çalışacağıq. Bununla yanaşı, biz gübrə istehsalını nəzərdə keçirdik. Bizim avtomobil və ehtiyat hissələrinin istehsalı sahələrində böyük potensialımız var. Biz bir yerdə, əl-ələ verərək bu sahələrdə də çalışa bilərik. Kənd təsərrüfatı, qida istehsalı, əczaçılıq da çox maraqlı sahələrdir.

Digər vacib sahələr elm, təhsil və mədəniyyətdir. Bununla biz xalqlar arasında təmasları, mübadiləni gücləndirə, iqtisadiyyat, sərmayə sahələrində əməkdaşlığımıza yeni perspektivlər əlavə edə bilərik.

Bu fürsətdən istifadə edərək Prezident Əliyevə təşəkkür etmək istərdim ki, o, öz vədinə sadiq qaldı və biz Bakıdan Sofiyaya birbaşa uçuşlar təşkil edirik. Ümid edirəm ki, biz turist axınını gücləndirəcəyik. İnanıram ki, pandemiya tam başa çatandan sonra bu uçuşlar fəal və intensiv olacaq.

Mədəniyyət sahəsinə gəldikdə, biz Heydər Əliyev Fondunun töhfəsini heç vaxt unutmuruq. Bizim mədəni irsimizin mühafizə edilməsi, qorunması sahəsində tarixi paytaxtımız olan Veliko Tırnovoda reallaşdırılan layihədən söhbət gedir.

Biz Prezident Əliyevlə müzakirə etdik ki, işçi səviyyədə də təmaslar daha fəal olsun. Çünki çoxsaylı imkanlarımız var və biz burada daha operativ olmalıyıq, bir yerdə çalışmalıyıq, bir yerdə düşünməliyik. Geosiyasi, regional vəziyyət nəzərdən keçirilib. Biz mövcud vəziyyəti nəzərə alaraq daha çevik qərarlar qəbul etməliyik ki, bu, bizim xalqlarımızın, ölkələrimizin mənafeyinə uyğun olsun.

Biz SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması məsələsini də müzakirə etdik. Hesab edirəm ki, bu da bizim səmərəli əməkdaşlığımızın əlaməti ola bilər.

Prezident Əliyev, bu, bizim müzakirələrimizin bir hissəsidir. Mən əminəm ki, Sizin bugünkü səfəriniz həm bizim ikitərəfli münasibətlərimizə təkan verəcək, həm də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı inkişaf etdirəcəkdir. Biz hər zaman humanitar baxımdan, coğrafi baxımdan Azərbaycana yaxın olmuşuq. Əminəm ki, qarşımızda duran vəzifələri uğurla həyata keçirəcəyik.

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.

                                                                     Prezident İlham Əliyevin

                                                                                     bəyanatı

- Təşəkkür edirəm, hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, məni Bolqarıstana dəvət etdiyiniz üçün, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam.

Prezident Radev bu gün müzakirə olunan məsələlər haqqında geniş məlumat verdi. Öz tərəfimdən onu əlavə etmək istərdim ki, bizim həm təkbətək söhbətimiz, həm də nümayəndə heyətlərinin iştirakı ilə gedən müzakirələrdə səmimi şəraitdə bir çox məsələlər müzakirə edildi. Əminəm ki, bu səfərin nəticələri çox uğurlu olacaq və bu gün əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcəkdir, necə ki, bundan əvvəlki dövrlərdə əldə edilmiş razılaşmalar yerinə yetirilirdi. Xüsusilə 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu Bəyannamə həm bizim əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda, o bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.

Siyasi əlaqələrə gəldikdə, təkcə bizim təmaslarımızı qeyd etmək kifayətdir, eyni zamanda, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Mənim səfərim, əlbəttə, bir az gecikib, amma buna səbəb COVID-dir. Mən COVID-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər etmişəm. Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir.

Sabah keçiriləcək mərasim haqqında da bu gün fikir mübadiləsi aparıldı. Mən Prezident Radevi bu böyük tarixi nailiyyət münasibətilə təbrik etdim. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır.

Prezidentin qeyd etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Eyni zamanda, bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik.

Bütövlükdə isə digər məsələlərə gəldikdə, bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi də əlbəttə ki, önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, - bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.

Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq. Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik.

Bir sözlə, bu gün aparılan müzakirələrin və hələ davam edəcək müzakirələrin, - biz Prezident Radevlə hələ axşam bərabər olacağıq, mənim Baş nazirlə görüşüm olacaq, sabah tədbirdə bərabər iştirak edəcəyik, - çox gözəl bir ab-havada keçən bu görüşlərin çox böyük əhəmiyyəti var və olacaq.

Qonaqpərvərliyə və göstərdiyiniz diqqətə görə bir daha Sizə minnətdaram. Sağ olun.

14:25

Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Diaspora