Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Qurbanməmmet Elyasov dedi: Hörmətli cənab Prezident, Türkmənistanın Azərbaycan Respublikasında səfiri təyin olunmağım barədə etimadnaməni və əvvəlki səfirin geri çağırılması haqqında məktubu bu gün Sizə təqdim etməyi özümə böyük şərəf sayıram.
Səfiri salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun.
Bildiyiniz kimi, ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır. Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı yeni seçilmiş Prezidentlə və Xalq Məsləhəti Sədri ilə görüşlərim həm qardaşlığımızın növbəti təzahürü, eyni zamanda, gələcək əməkdaşlıq üçün hesablanmış görüşlər idi. Biz bütün sahələrdə iki qardaş ölkə kimi uğurla hərəkət edirik, bir-birimizi dəstəkləyirik, istər beynəlxalq müstəvidə, istər ikitərəfli, istər çoxtərəfli formatda. Son vaxtlar iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə biz yeni nəticələr görürük. Bu, bizi çox məmnun edir. Çünki bir daha demək istəyirəm ki, bu yüksək səviyyəli çoxşaxəli əməkdaşlıq tarixi köklərə əsaslanır.
Əminəm ki, bundan sonra da Azərbaycan və türkmən xalqları iki qardaş xalq kimi çiyin-çiyinə gedəcək və qarşıda duran bütün vəzifələri uğurla icra edəcəklər. Bizi bir-birimizdən ayıran Xəzər dənizidir. Ancaq Xəzər dənizi də hazırda ölkələri birləşdirən dənizdir. Xəzər dənizinin ekoloji tarazlığının, təbii resurslarının qorunması əlbəttə ki, bütün Xəzəryanı ölkələr üçün əsas vəzifələrdən biridir. Azərbaycan və Türkmənistan öz tərəfindən bu məsələlərə çox böyük töhfə verir.
Bütün siyasi, iqtisadi, enerji, nəqliyyat məsələləri ilə yanaşı, xalqlarımızı ortaq tarix, ənənələr, dil, dinimiz, adət-ənənələrimiz birləşdirir. Bu, çox güclü amildir. Yəni, bu, xalqlarımızı bir-birinə sıx bağlayan amildir. Əlbəttə ki, insanlar arasındakı təmasların iki dövlət arasındakı münasibətlərdə xüsusi yeri var.
Əminəm ki, siz Azərbaycanda fəal səfir kimi çalışacaqsınız. İki Prezidentin qarşıya qoyduqları vəzifələrin icrası imkan verəcək ki, əməkdaşlığımız daha da çoxşaxəli və nəticəyə hesablanmış olsun.
İnanıram ki, əldə edilmiş razılaşmaların icrası yeni imkanlar açacaq. Çünki indi biz əməkdaşlığın çox önəmli mərhələsindəyik. Ancaq iki ölkənin bütün imkanları hələ ki, tam realizə olunmayıb, yəni, ikitərəfli əməkdaşlıq formatında. Ona görə əldə edilmiş razılaşmaların icrası öz növbəsində yeni addımlara gətirib çıxaracaq.
Sizə uğurlar arzulayıram. Əminəm ki, burada özünüzü evdəki kimi hiss edəcəksiniz.
Səfir Qurbanməmmet Elyasov dedi: Çox sağ olun, hörmətli cənab Prezident. İlk öncə vaxt tapıb məni qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
İcazə verin, Türkmənistanın hörmətli Prezidenti Sərdar Berdiməhəmmədovun, eyni zamanda, Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Sizə göndərdiyi səmimi salamlarını və xoş arzularını çatdırım.
Hörmətli cənab Prezident, Sizin də bildiyiniz kimi, Türkmənistan ilə dostluq, qardaşlıq münasibətlərinin dərin tarixi köklərinin, dilin, dinin, atalarımızdan, əcdadlarımızdan bizə miras qalan mənəvi və mədəni dəyərlərin bağladığı Azərbaycan dövlətində səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşməkdən məmnunluq duyuram. Əcdadlarımızın dost, qardaş kimi yanbayan yaşamalarını nəzərə alaraq, bizim münasibətləri çoxəsrlik münasibətlər kimi qiymətləndirmək olar. Türkmənistan öz qonşuları ilə yaxşı münasibətləri xüsusi qiymətləndirir və qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Məlum olduğu kimi, bu münasibətlər həm də strateji xarakter daşıyır. Qarşılıqlı səfərlər, ayrı-ayrı sahələr üzrə imzalanmış sənədlər, həm də həyata keçirilmiş bir çox layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayır. Siyasi, iqtisadi sahələrdə qarşılıqlı faydalı işlər görülüb. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə faydalı işlər icra edilir. Biz bu işlərlə fəxr edirik.
x x x
Dövlətimizin başçısı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.
*****
11:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.