Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub -  YENİLƏNİB backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan “Ağsu Aqropark”ın ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

Qeyd edildi ki, müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, ümumilikdə 34 kilometr uzunluğunda yeni yol çəkilib, mövcud yollar yenidən qurulub. Aqroparkın elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Ərəbmehdibəy kəndi ərazisində 1 elektrik stansiyası, 2 ədəd 630 kilovoltluq, 1 ədəd 100 kilovoltluq, 1 ədəd 35 kilovoltluq, ümumilikdə isə 7 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, 45,4 kilometrlik elektrik xətti çəkilib, rabitə, SİP kabelləri yenilənib, işıqlandırma işləri görülüb. Həmçinin Girdimançay üzərində müasir körpü tikilərək istifadəyə verilib, müəssisənin qazla təmin olunması məqsədilə 33 kilometr uzunluğunda qaz xətti çəkilib.

Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Burada ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur.

Diqqətə çatdırıldı ki, aqroparkın ərazisindəki torpağın münbitliyinin artırılması məqsədilə orqanik və mineral gübrələrdən istifadə edilir. Torpağın üst qatında lazer səviyyələndirmə texnikası ilə hamarlama işləri aparılıb, drenaj kanalları çəkilərək şoranlıq problemi həll edilib, nəticədə 1600 hektardan artıq torpaq sahəsi əkin üçün yararlı hala gətirilib. Həmin ərazidə yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilib, ot örtüyü yaxşılaşdırılıb. Əkin sahələrinin suvarılması məqsədilə Yuxarı Şirvan kanalının suyunun səmərəli şəkildə istifadəsi təşkil olunub, uzunluğu 22 kilometr olan su xətti çəkilib, 5 nasosxana və 6 artezian quyusu istifadəyə verilib, 800 hektar sahədə yüksək standartlara cavab verən pivot suvarma sistemləri qurulub. Əkinçilikdə növbəlilik sistemi tətbiq edilir. Həmçinin toplanılan silosun saxlanılması məqsədilə ərazidə 16 min tonluq beton silos quyuları və 13 min 500 kubmetr taxılsaxlama anbarları tikilib. Aqroparkda saatda 5 ton yem istehsal edən, avadanlığı Türkiyədən gətirilən zavod istifadəyə verilib.

Məlumat verildi ki, müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatı il ərzində 10 min ton toxum təmizləmək gücünə malikdir. Müəssisədə 38 traktor və kombayn, 133 digər kənd təsərrüfat texnikasından ibarət nəqliyyat-texnika parkı yaradılıb. “Ağsu Aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.

Qeyd edək ki, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

Respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq ölkədə 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Bu aqroparklardan biri də Ağsu rayonunun Çiyni kəndində “Ağsu Aqropark” QSC tərəfindən yaradılmış aqroparkdır.

15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Diaspora