Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.
Qaziler.az xəbər verir ki, səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq Avstriya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini qeyd edib. Dövlət başçısı bir çox Avropa şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiklərini deyərək Avstriya şirkətlərinin də həmin ərazilərdə tikinti, infrastruktur və digər sahələrdə fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına toxunan Prezident İlham Əliyev Avstriyanın bu əməkdaşlığı daim dəstəklədiyini məmnunluqla qeyd edib. Dövlət başçısı Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfərinin önəmini qeyd edib və səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunub. Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında eyni zamanda nəqliyyat, ticarət, yüksək texnologiyalar, turizm, kənd təsərrüfatı, tikinti sahələrini də qeyd edib.
Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Tomas Şuller-Qötzburq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğulayıb. İkitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan səfir bunun üçün səylərini əsirgəməyəcəyini deyib. Tomas Şuller-Qötzburq vurğulayıb ki, dövlət başçısı tərəfindən əməkdaşlığımızın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacibdir. Səfir eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Avstriyanın ikitərəfli əlaqələri bundan sonra da dəstəkləyəcəyini bildirib. O, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayaraq Azərbaycanın bu sahədə beynəlxalq tədbirlərə verdiyi töhfəni xüsusi olaraq qeyd edib.
*****
10:11
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 5-də Avstriyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.