Azərbaycanda hərbi qulluqçular ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçiriləcək.
Bu, Prezident İlham Əliyevin “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun imzalaması ilə mümkün olub.
Dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb. Belə ki, sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.
Bundan əlavə, "Narkoloji xidmət və nəzarət haqqında” qanunun yeni - 24.4-cü maddədə qeyd edilib ki, müddətli həqiqi hərbi xidmətə çağrılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə ( müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.