Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilməsi barədə sərəncam imzalayıb.
"Report" xəbər verir ki, o, 1977-ci ildə Bakıda anadan olub, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə ikinci ali təhsil alıb, 2005-ci ildə bu Universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta"da başlayıb, 2003-2005-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASc-də mütəxəssis, 2005-2009-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.