Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edib

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edib backend

Noyabrın 8-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın strateji xarakterini təsdiq edib, bu ilin aprel ayında Bakıda iki prezident arasında danışıqların gedişində əldə edilmiş razılaşmaların reallaşmasının gedişini nəzərdən keçirib, Azərbaycan ərazisində genişmiqyaslı qarşılıqlı faydalı layihələrin reallaşmasında Belarus şirkətlərinin iştirakının perspektivlərini müzakirə ediblər.

Aleksandr Lukaşenko Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib.

Belarus Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.

Prezident Aleksandr Lukaşenko çoxillik Qarabağ münaqişəsinin bütün qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, bir il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş və qan tökülməsinə son qoymuş Bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.

Bundan əlavə, Belarus dövlətinin başçısı Azərbaycan Prezidentinə bildirib ki, Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Diaspora