Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 20-də “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən genişmiqyaslı işlər həyata keçirilib. Elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub, 25 MVA gücündə 2 transformator quraşdırılıb. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılıb. Burada mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunmasına və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsinə imkan verir.
Qeyd edək ki, işğala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı orta hesabla 7 MVt olub. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro və mədəni turizm, “Ağıllı şəhər”, “Ağıllı kənd” də daxil olmaqla qeyri-əhali abonentlərin və 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan artıq olacağı gözlənilir. Məhz bu səbəbdən də Zəngilan rayonunun və ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun gələcək inkişaf istiqamətləri nəzərə alınaraq artacaq güc tələbatlarının qarşılanması məqsədilə yeni çəkilən 110 kV-luq ikidövrəli elektrik verilişi xəttinin gücötürmə qabiliyyəti 150-160 MVt-dır. “Zəngilan” yarımstansiyası, ilk növbədə, Zəngilan rayonunda yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən müxtəlif dövlət strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini elektrik enerjisi ilə təmin edəcək.
Prezident İlham Əliyev “Zəngilan” yarımstansiyasını işə salıb.