İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbərini qəbul etdi - FOTO - YENİLƏNİB

İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbərini qəbul etdi -  FOTO - YENİLƏNİB backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan səfir Petr Mixalko deyib:

“Zati-aliləri, hörmətli cənab Prezident İlham Əliyev.

Bu gün Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişel və Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen tərəfindən imzalanmış və mənim Avropa İttifaqının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni Sizə təqdim etməkdən şərəf hissi duyuram.

Son səfərlərdə, o cümlədən prezident Mişelin səfərində vurğulandığı kimi, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq.

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik.

Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəkdir.

Zati-aliləri, Avropa İttifaqının Azərbaycan Respublikasına səfiri kimi təyin olunmaq mənim üçün şərəfdir. Mən qarşılıqlı faydalı əməkdaşlıq və ümumi maraqlarımız naminə səylərimi əsirgəməyəcəm. Vəzifələrimin icrasında Zati-alilərinin və Azərbaycan Respublikası hökumətinin dəstəyinə güvənərək ondan faydalanacağıma əminəm və buna görə Sizə minnətdaram”.

Prezident İlham Əliyev: “Təşəkkür edirəm”.

Səfir Petr Mixalko etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Sonra xatirə şəkli çəkdirilib.

Səfiri salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib:

“Cənab səfir, Azərbaycana xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Həyatınızın bir hissəsi bizim ölkəmizlə bağlı olacaqdır. Ümid edirəm, siz nəinki indi haqqında danışdığınız məsələlərin təşviqində bir səfir kimi fəal olacaqsınız, eyni zamanda, sizin ətrafı görmək və Azərbaycanı daha da yaxşı tanımaq imkanınız olacaqdır ki, Brüsselə və ya hər hansı başqa bir yerə geri döndükdə özünüzlə yaxşı xatirələr aparasınız. Siz qeyd etdiyiniz kimi, əməkdaşlığımızın, uzunmüddətli əməkdaşlığımızın çox geniş gündəliyi var. Bu, çox səmərəli və uğurlu əməkdaşlıqdır. Sizin qeyd etdiyiniz sahələr, əslində, bizim əməkdaşlığın prioritet sahələridir və prezident Şarl Mişelin bu yay səfəri zamanı biz bu məsələləri geniş müzakirə etdik. Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik. On il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı. Bu, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi. Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır.

Əlbəttə ki, bizim böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir.

Avropa Komissiyasının bizim nəqliyyat sektorumuza böyük əhəmiyyət verməsi məni çox qane edir. Prezident Şarl Mişelə səfəri zamanı ona bizim Dəniz Ticarət Limanının, Azad İqtisadi Zonanın imkanları təqdim olundu. Biz Avropa təsisatlarının bu sahəyə ciddi yanaşmasını görürük. Bu, təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər. Çünki əməkdaşlıq ölkələri birləşdirir, onları bir-birindən asılı edir, onlar faydanı paylaşa bilir. Həmin səbəbdən də bu, hər hansı yanlış anlaşılma risklərini minimuma endirir. Siz bəlkə də bilirsiniz ki, biz Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik.

Sizin qeyd etdiyiniz digər sahələr də çox mühümdür. Humanitar, təhsil, sözsüz ki, Azərbaycanın demokratik inkişafı ilə bağlı bütün bu məsələlər bizim gündəliyimizdədir və biz Avropa İttifaqı ilə sıx şəkildə işləyirik.

Əlbəttə, indi düşünürəm ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq. Siz bəlkə də mənim bununla bağlı bəyanatlarımı eşitmisiniz. Mən nəzərdə tutduğumu deyirəm, bu, bizim siyasətimizdir. Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər.

Əminəm ki, siz çox məşğul olacaqsınız, çünki görüləsi çox iş var. Mən sizə və ailənizə uğurlar, Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram”.

Səfir Petr Mixalko qarşılıqlı səmərəli əməkdaşlığın nəticə verməsi üçün çox fəal şəkildə işləməyə hazır olduğunu deyib. Vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi sahələr onlar üçün də böyük əhəmiyyət kəsb edir. O, gələcəkdə əməkdaşlıq üçün çoxlu imkanların yaranacağına əminliyini ifadə etdi.

12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Diaspora