Prezident Vladanka Andreyevanı qəbul edib - Yenilənib

Prezident Vladanka Andreyevanı qəbul edib -  Yenilənib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

Qazilər.az xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təyinatı ilə bağlı məktubu Prezident İlham Əliyevə təqdim edərək deyib:

-BMT-nin Azərbaycan Respublikasına rezident əlaqələndirici vəzifəsinə təyin olunmağımla bağlı məktubu Sizə təqdim etməkdən məmnunluq hissi keçirirəm. Dayanaqlı İnkişaf Məqsədlərini inkişaf etdirməkdə və onlara nail olmaqda Azərbaycana dəstək vermək üçün burada olmaq və BMT sisteminə rəhbərlik etmək mənim üçün şərəfdir.

Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi görməyə şadam. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Bildiyiniz kimi, Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi. İki illik sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVID ilə mübarizə sahəsində. Bildiyiniz kimi, ötən ilin sonunda Qoşulmama Hərəkatının sədri kimi bizim təşəbbüsümüzlə koronavirusa həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir və bu da bu xəstəliyə qarşı bizim qlobal mübarizəyə bir töhfəmiz idi. Həmçinin milli qisimdə 30-dan çox ölkəyə yardım göstərmişik. Maliyyə, humanitar yardımı göstərmişik, biz dəstəyə ehtiyacı olan ölkələrlə peyvəndləri paylaşmışdıq. Bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir.

İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq. BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki, düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik.

İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik. Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir.

BMT-nin digər təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik.

*****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Diaspora