Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb.
Qazilər.az-ın məlumatına görə, mətndə deyilir:
"Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz və 95 illik yubileyiniz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Siz böyük bir tarixi dövrü özündə əks etdirən zəngin və dərin məzmunlu ömür yolu keçmiş, bütün həyat və fəaliyyətinizi doğma ölkənizin rifahına həsr etmiş, xalqınıza şərəflə və ləyaqətlə xidmət etmisiniz. XX əsrin ikinci yarısından bu günədək Birləşmiş Krallığa başçılıq edərək daim öz prinsiplərinizə sadiqliyiniz, əzmkar və yorulmaz fəaliyyətiniz, Vətəninizə olan hədsiz bağlılığınız və məhəbbətiniz bütün dünyada Sizə böyük nüfuz və rəğbət qazandırmışdır.
Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir, dostluq əlaqələrimiz gündən-günə genişlənir. Dövlətlərarası münasibətlərimizin formalaşmasında, hərtərəfli inkişafında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük rolunuz vardır.
İnanıram ki, dərin kökləri olan və möhkəm təməllər üzərində qurulmuş bu əlaqələr, bir sıra mühüm sahələrdə əməkdaşlığımız bundan sonra da ardıcıl olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Ülyahəzrət,
Bu əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Birləşmiş Krallığın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".