Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.
Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.
Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.
Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.
Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Yerli əhali onu “Qum hamamı” kimi tanıyır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış olublar.
Dövlətimizin başçısı və birinci xanım qəsəbədə ağac əkiblər.
Prezident İlham Əliyev Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlini qoyub.
Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.
Sonra dövlət başçısı və xanımı qəsəbə ilə tanış olublar.
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür. Post-müharibə və mövcud pandemiya reallığından baxdıqda isə iqtisadi gücümüzün böyük dərəcədə artdığı, hətta qlobal çağırışlara rəğmən, heç bir sosial layihənin ixtisar olunmadığı aydın görünür.
*****
13:31
Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.