Bu gün Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğulayıblar.
Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
saat 14:06
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi Düşənbədə görüşüblər.
APA-nın xəbərinə görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Görüş Düşənbədə keçirilən “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub.
Görüş zamanı nazirlər ikitərəfli münasibətlərdəki prioritet sahələri, həmçinin iqtisadi əlaqələrin gücləndirilməsi və xalqlar arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.