Salam, Ağdam!

Salam, Ağdam! backend

Səni gözləyə-gözləyə ömrün yarısı getdi, amma şükr ki, bitmədi və ömür bitmədən mən səni gördüm...

Ağdama səfər zərərsizləşdirilmiş minanın partladılması ilə başladı... Yer də titrədi, əlimdəki telefon da... Biz 27 il yarım əvvəl Ağdamdan “QRAD” mərmilərinin yağışı altında çıxmışdıq... Ağdama geri dönüşüm də partlayış səsi ilə yadımda qalacaq. Amma bunlar bizi didərgin salan bombaların izini silmək üçün partladılan məkrli mərmilərdir. Basdırdığı hər mina zərərsizləşdirilib partlayanda düşmənin bağrı da partlayır. Bu mina partlayışını gözümlə görəndə, səsini qulağımla duyanda dərk etdim ki, Ağdamı erməni zibillərindən təmizləmək nə qədər uzun zaman, əmək və fədakarlıq tələb edəcək. Ağdam az qala addımbaaddım minalanıb və addımbaaddım təmizləmək illər aparacaq...

Yol boyu ermənilərin qazdığı dərin labirint səngərlər, mühəndis istehkam qurğuları, müşahidə məntəqələri, “Ohanyan xətti” və daha nələr... Gördüyüm dəhşətdən nəfəsim tutula-tutula arxa oturacaqda əyləşən Rey Kərimoğlunun izahına qulaq asıram. Bunlara baxa-baxa bilmirəm ağlayım, bilmirəm qışqırım, lənətləyim, söyüm ya nə edim... Bu anda Ağdam “Şur” ansamblının bədii rəhbəri olmuş, yüksək ziyalı və alicənab insan, 27 illik işğal dövründə bir dəfə də tarı ilə konsert verməyən Fərhad Paşayev mənə zəng edir. “Qızım, indi telekanallarda gördüm ki, jurnalistlər Ağdama gedir, sən də oradasanmı?” deyə soruşur. Deyirəm, burdayam, Ağdama təzə girmişik, hələ şəhərdə deyilik... Bircə kəlmə söylədi: “Təmkinli ol, qızım...”

TƏMKİNLİ OL. Ağdama doğru yol alan bir adama bu sözü ancaq bir ağdamlı deyə bilərdi - hər şeyini qoyub çıxan, heç nəyinin qalmadığını bilən ağdamlı. Yalnız ağdamlı anlayar ki, əsalət şəhərini əsarətdən çıxmış görəndə adam hansı hisslər keçirir, nə hala qalır...

O söz məni toparladı, təmkinimi cəmlədim. Bir az keçmiş karvan dayandı. Dedilər ki, bura Uzundərədəki II Şəhidlər Xiyabanıdır. Avtobuslardan tökülüşdük, sağa-sola baxdıq. Bələdçilər boş bir ərazini göstərdilər ki, I Qarabağ müharibəsi vaxtı burada mindən çox şəhid basdırlmışdı... BASDIRILMIŞDI... Hanı bəs??? Nə məzar var, nə kalafası, nə izi, nə nişanəsi. Düşməni erməni olanın məzarı salamat qalar?!

İlk təəssüratın acısı ilə avtobusa minib büzüşürəm... Rey bütün avtobusun eşidəcəyi səslə şərh verir:

- Bax, ay Səadət, görürsən, bura Uzundərədir. Qulu yazıb eeey... Bax həmin Uzundərə...

Qulu Ağsəs Ağdam işğaldan azad ediləndə yazmışdı ki,

Bir "Uzundərə" havası çal,

çıx Bərdə yoluna -

Uzundərəynən gəlirik!

Bax bura həmin uzun dərədir, dərdi də, sinəsindəki dağı da özü kimi uzun dərə... Sənə etibar edib qoynunda şəhid basdıralar... Göreşənlər o qəbirləri sinəndən qoparıb ala... Ananın balasını sinəsindən dartıb alsan, nə hiss edərsə, Uzundərə də eynisini hiss edir...

Bir az gedirik. Qurumuş suyunun yerində mamır bitən köhnə su kanalı görünür, diksinirəm... Bu kanalın o başı bizim məktəbin arxasından keçirdi. Uzaqda hundur bir binanın quru qəfəsi görünür.

- Rey, ora haradır?

- Taxıl məhsulları kombinatı...

Həəə, düzdür, oradır... Bizim məktəbdən, kanalın kənarından görünən hündür kombinat. O kanalın üstündə enli boru vardı, körpünü əvəz edirdi. Sinfimizin oğlanları o tərəfə addayır, bizə lalə dərib gətirirdilər... Laləli günlərimiz vardı...

Bir az da gedirik... Rey deyir ki, bura rəhmətlik Sədi Məmmədovun kəndi Göytəpədir... Bir az da irəliləyirik, deyir bura Ətyeməzlidir... Bir azca da gedirik... Vəəə dəhşətin tam mərkəzi görünür...

Qulunun dediyi kimi, Ağam Şəhərim... Adam Şəhərim... Ağdam şəhərim...

Hətta bu viranə halı ilə illərə meydan oxuyan, başını yerə dikməyən şəhərim...

Dirisi kimi ölüsü də gözəl şəhərim... İmarətləri kimi uçuq-söküyü də gözəl şəhərim...

Bəzi salamat şəhərlərin cındırından cin hürkdüyü halda, dağılmış səltənətinin cındırından belə, əsalət yağan şəhərim...

Qapqara torpağından bərəkət püskürən, bir az aralıdakı dağların başından üzünə nur saçan şəhərim...

Özündən başqa neçə bölgəyə çörək verən çörəkli şəhərim...

Ürəkləri fəth edən ürəkli şəhərim...

Görüb-götürmüş şəhərim, tacirlik istedadı ilə hamını mat qoyan şəhərim, “kişi kimi” şəhərim...

Xoş gördük, xarabalığı da gözəl şəhərim!!!

Sən sağ imişsən!!!

Sifətin yanıb tanınmaz hala düşsə də, nəfəsin var, ürəyin döyünür... Sən sağ imişsən!!!...

Şəhərin başlanğıcından məhəlləmizə qədər olan məsafəni ağdamlı yaddaşımla və ruhumla ölçürəm, düz bir küçə ilə irəliləməyə başlayanda hiss edirəm ki, bura biz tərəfdir... Yanılmıram... Karvan dayanır… “İMARƏT”dəyik...

“İMARƏT”in “20 yanvar” küçəsindən olan əsas girişi bir az dalan kimi idi, sağda, solda üzbəuz və qəşəng evlər vardı. Dalanın başında da “İMARƏT”in gözəl, işləməli, sarımtıl taxta darvazası... Camaat artıq içəridədir, mən isə həyətlərə boylanıram... İz axtarıram...

Birdən dünyanın hər yerini görmüş, təkcə Ağdamı görməmiş səfər yoldaşım Ədalət müəllim məni səsləyir:

- Səadət, gəl bura, gəl bu çaydana bax... Bunu mütləq yazarsan... Bu, həyat izidir... Bayaqdan baxıram ki, burada həyat izləri necə təzə, necə isti qalıb... Bu şəhər ölməyibmiş ki... sən canın, çaydana bax.



Mən çaydana baxıram, baxıram... Təkcə çaydan yox, onun sancıldğı pəncərə məhəccəri də bizdən qalandır... Nə olsun ki, paslanıb. Kiminsə evinin, ömrünün bir parçasıdır. Elə o ömürlər də 27 illik həsrətdən paslanıb.

Yenə ətrafı dolanıram. Aha, birini də tapdım...Güllü qazan, qazan qapağı, ikiyə bölünmüş vedrə... Bəli, bu şəhər 27 il yaşayıb - öz bildiyi kimi, bizim öyrətdiyimiz kimi, bizi öyrətdiyi kimi... Bacardığını yetirib-bitirib, ağaclara baxıb, təkbaşına əlindən gələni əkib-becərib, yeyib-dolanıb, Allah rizasına başını hərləyib. Amma düşmənin zülmünə qarşı dirənib, həyatın üzünə dirənib, qeyrət göstərib, yaşayıb, bizi gözləyib. Hələ yetirib bitirdiyindən donuz ermənilərin donuzlarına da yedizdirib. Mənfurlar Ağdamdakı bar-bəhərli, qışda da otu-ələfi əskik olmayan həyətlərimizdə heyvan otarıblar.

Nəhayət, vedrə-qazandan birtəhər gözümü çəkib İMARƏTin qapısına səmt alanda görürəm ki, heyət üzvlərindən kimsə şüşə qabları düzüb danışa-danışa içinə torpaq yığır... Torpağı ondan istəyən ağdamlı dostlara səslənir: “filankəs bu, sənin üçün, filankəs bu da sənin payın”...



Və nəhayət, uşağılımın xoşbəxtlik qapısı, bütün xoş günlərimin keçdiyi məkan... Ağdamın tarixi rəmzlərindən biri... Mənim Ana Vətənimin ana nöqtəsi İMARƏT... Sol tərəfdəki hasarın o tərəfi bizim məhlədir. Evimiz uzağı iki yüz metrlikdədir. Deyirəm, heç olmasa, hasaradək gedim, həyətimizə boylanım, sadəcə boylanım. Təhlükəsizliyə cavabdeh yoldaşlar izn vermirlər.

İmarətdəyəm... Evdəyəm... Stadionun ortasında təkcə dayanıb yaxınlaşa bilmədiyim hasardan o yanı xəyal edirəm. Bayaq məni səsləyib çaydan göstərən Ədalət müəllimin səsini eşidirəm:

- Səadət, hardasan, gəl bura, əncirə bax, əncirə...



... Mənim kimi o da elə sevinir ki... Ağdamın nəfəsini hiss etdiyi üçün yerə-göyə sığmır. 21 ildir tanıdığım Ədalət müəllimi heç belə görməmişdim. Ağdamda heç vaxt yaşamasa da, Ağdamın yaşadığını duyur. Sevinməyə davam edir:

- Sən canın, quş yuvalarına fikir verirsənmi? Hər addımda həyat var ey burada...

Düz deyir... Ağdam nar, əncir, pırnıq (xurma) və mundarça ağacları ilə doludur. Kol tipli, gövdəsi olmayan ağacların hamısı durur və hələ artıb-çoxalıblar. Amma bir dənə də gövdəli ağac yoxdur, hətta yeri belə, gözə dəymir, sanki kökündən çıxarıblar lənətə gəlmişlər... Şəhərimin bütün nemətlərindən dədəsinin malı kimi yararlanıb düşmən...

Natavanın “İMARƏT”dəki məzarı da Uzundərədəki şəhid məzarları kimi məhv edilib, izi-tozu yoxdur. Ərtafdakı abidələr, məqbərələr baxımsız, yarı dağıdılmış haldadır. İçində də heyvan saxlayıblar.

İmarətdən axırıncı çıxan mən oluram... Sağollaşıram, bizim məhəllənin hasarına əlimi yelləyirəm, “yenə gələcəyəm” deyirəm...

İrəliləyirik və daha bir viranəlikdə ayaq saxlayırıq. Ətraf tanınmaz bir xərabətdir. Soruşuruq: Bura haradır? Cavab gəlir: ABİDƏ! Demə, I Şəhidlər Xiyabanına gəlmişik. Milli qəhrəman Allahverdi Bağırovun dəfn olunduğu yerə... Bura tükürpədicidir. Şəhid məzarlarını goreşən kimi eşiblər, dağıdıblar. Təkçə məzarların qərib, yetim çökəyi qalıb. Adamın ürəyi parçalanır...

Bəlkə, vahiməli və insanlıqdan uzaq səslənəcək, amma bura Uzundərədəki şumlanmış şəhidlikdən bir az daha şanslıdır. İlahi, gör nəyə şans deyirəm... Amma bu şansa da şükr... Burada heç olmasa, qəbir kalafaları var. Allahverdi Bağırovun məzarının səmti ilə digər məzarların yerini tapıb başdaşı qoyurlar. Artıq bir neçə məzarın üstünü götürüblər. Adam bilmir ayağını hara bassın, addımını necə atsın ki, burada heç kəsi incitməsin... Hə, heç kəsi... Bəlkə, söküb dağıdanda, məzarları vəhşicəsinə yağmayalanda kiminsə sümüyünün bir zərrəsi qırılıb torpağa düşüb...

Abidədən üzü geri qayıdanda uşaq yaddaşımla xatırlayıram ki, axı bu yol Qarağacıya gedirdi, bəs biz niyə ora getmədik?! Həyəcanla səs-küy salıram:

- Ay Zülfü müəllim, bəs Qarağacıya getmirik?

Cavabı ürəyimi üzdü:

- Yox, a qızım, Qarağacı var məgər?! Şumlayıb yerində taxıl əkib ermənilər, getsək, nə görəcəksən ki, hava da qaralır, məscidə gedirik...

Yenə büzüşdüm... Suyu süzülmüş dedim:

- Axı bu gün mənim atamın Qarağacıda torpağa tapşırıldığı gündür. Axı mən gül və səməni gətirmişəm onun üçün...

Zülfü müəllim ayaq saxladı, indi bildi ki, ağdamlıyam və doğma ləhcəmizlə ovutmağa çalışdı:

- A qızım, ta nağayrax, bir sən döyüsən ha, bütün el-obamızın başına gəlif bu faciə. Allah erməniyə lənət eləsin. Gətirdiyin gülü hara istəyirsən qoy, özün görmürsənmi Ağdam nə gündədir. Vallah, elə buranın hər yeri müqəddəsdir, elə buranın hər yeri Qarağacıdır, bala, hara gül qoysan, ora sevinəjəh... Ta nağayrax, a qızım?!




Səssizsə ona qoşulub mərkəzi meydana gəldim və güllərlə səmənini Ağdam Dram Teatrından qalmış dağıntıların qarşısına qoydum. Vaxtilə bu meydanda çal-çağırlı şənliklər, paradlar keçirilərdi. Dedim, qoy bayramlar meydanımız səməni ilə Novruzun ətrini duysun... Bu meydanda hamının ayaq izləri var - atamın da, nənəmin də, minlərlə digər ağdamlının da. Həm də adətimiz vardı ki, ilaxır çərşənbədə Qarağacıya ziyarətə gedən ailələr məzarların üstünə səməni də aparırdılar. Xüsusilə dünyadan gənc köçənlərin qəbrinin üstünə qoyardılar ki, həmin cavan yaşaya bilmədiyi bayramı duysun. Nənəm də həmişə atamın məzarına bayramda səməni aparardı. İndi mən bu səmənini həm atam, həm nənəm, həm də bütün Ağdam şəhər camaatının Qarağacıda dəfn olunmuş və bu gün məzarsız qalan əzizləri üçün gətirmişəm. Qəbirlər məhv edilib, amma torpağımız azaddır, şükr bu günə! Ruhlar da yaşayır... Allah hamısına rəhmət eləsin!

Məscidə girirəm, indi Ağdamda başında dam olan yeganə yer məsciddir. İnanıram ki, bütün qəbirsiz ölülər, yaşayan ruhlar bura sığınıb. Bu məcsidi ziyarət mənim üçün həm də əzizlərimi ziyarətdir. Ürəyimdə onlarla salamlaşıram:

“Salam, ata! Salam nənə! Mən gəlmişəm - 27 il 7 ay 19 gündən sonra... Yəqin, lap qocalmısınız, bizi gözləmək dərdi sizi büküb-bürmələyib. Biz sizdən ayrılandan sonra həyatın dibinə enmişdik. Sıfırın bir xeyli altına. Oradan qalxmağımız yaman zülmlü oldu - dirnaqlarımızla qayaya dırmanan kimi həyata dırmandıq, goreşən ermənilər sizin qəbir evinizi yer üzündən siləndə biz köçkünlükdə iynə ilə gor qaza-qaza özümüzə ev düzəltdik. 9 dəfə bir qapıdan o birinə köçdük, tənələrlə boğulduq, öz çörəyimizi özgələr minnətinə yedik, “qaçqın” damğası ilə aşağılandıq. Kimsə uşağını bizimlə oynamağa qoymadı, kiminsə böyüyü üzümüzə baxmadı. Bircə dəfə olsun, sınmadıq və vaz keçmədik, yıxıldıqca yenidən qalxdıq, hər qalxanda bir pillə yüksəldik. Hətta, çoxlarının qalxa bilmədiyi yerlərədək yüksəldik. Bir ana, üç qız əl-ələ verib 20 ilə bir ev düzəltdik. Anam bizim üçün kirpiyi ilə od götürdü, amma bizi “doğru insan” yetişdirdi. Həmişə sənə layiq olduq, ata, hər zaman özümüzə “kişi qızı” dedirdib sənin adını uca elədik. Heç vaxt sənin verdiyin öyüd-nəsihətdən kənara çıxmadıq, nənə. Mən və bacılarım ailəmizin də, məhləmizin də, məktəbimizin də, Ağdamın da adını daim uca tutduq. Adımız ağdamlı ziyalıların sırasındadır. Ata, bir nəvən var - Ülvi. Çox ağıllı uşaqdır. Ağdamdakı həyətimizi, dağıdılmış evimizi görməyə elə tələsir ki... Babam dünyadan Ağdamın həsrətilə köçüb getdi. Moldovadakı əmim, Arxangelskdəki bibim Ağdam işğaldan azad olunan gündən hər gün zəng edib “görəsən, qəbirlər durur?” soruşurlar... İndi mən gedib onlara deyəcəm ki, qəbirlər yoxdur, amma ruhlar var, mən onları gördüm. Sizin üçün bura gətirib torpağa düzdüyüm gülləri və səmənini gördünüz, bilirəm, yoxsa ürəyim, ruhum bu qədər rahatlamazdı. Bilirəm ki, siz məni dinləyirsiniz. Nənə, sən noyabrın 20-də Qarağacıda torpağa tapşırılmısan. Ağdam məhz həmin gün - noyabrın 20-də bizə geri qaytarıldı. Ata, sən martın 13-də Qarağacıda dəfn olunmusan, bu gün, məhz martın 13-də mən səni ziyarətə gəlmişəm. Bu, təsadüf ola bilməz... Bu lap cənnətdə qarşılaşmaq kimidir... Sizi və digər əsir ruhları xilas etmək üçün ordumuz inanılmaz şücaətlər göstərib, 3 minədək igidimiz qurban gedib. Onlara cənnətdə yaxşı baxın, çoxu lap cavan idi... Özünüzə də yaxşı baxın mən yenə gələcəm. Biz gələcəyik...”


Sağ ol şəhid! Sağ ol əsgər. Sağ ol, Ali Baş Komandan - şəhərimizi, ruhlarımızı xilas etdiyiniz üçün.

Azad şəhərimdə elə sevinirdim ki, həyətdə dizəcən palçığa batanadək oynayan uşaqlar kimiydim... Ayaqqabılarımı hələ də yumamışam. Vətən palçığıdır...

Salamat qal, palçığı da gözəl şəhərim!

Səadət Məmmədova

Ağdam, 13 mart 2021

Xüsusi olaraq AYNA üçün
Diaspora