Türkiyə-Rusiya dostluğu Azərbaycan üçün yeni fürsətlər açır – 2 rəy
Türkiyə ilə Rusiya arasında əməkdaşlıq hər keçən gün daha da güclənir.Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə strateji tərəfdaşı sayılan Rusiyanın münasibətlərinin az qala, müttəfiqlik səviyyəsinə çatması, o cümlədən iki böyük dövlətin prezidentləri arasında yaxın dostluq münasibətlərinin yaranması ölkəmizin maraqları baxımından böyük əhəmiyyət daşıyır.
Türkiyə-Rusiya əməkdaşlığının güclənməsi, Ərdoğan-Putin dostluğu Azərbaycan üçün nə dərəcədə strateji əhəmiyyətə malikdir? Regionun bu iki güclü dövlətinin münasibətinin düzəlməsi bizə işğaldakı torpaqlarımızı azad etməyə fürsət yaratdı. İki regional gücün dostluğu bizə daha hansı fürsətləri yarada bilər?
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə və Rusiya regionumuzun iki böyük dövlətidir və tarixən də elə bu gün də hər iki ölkə regionumuzda mühüm rol oynayır: “Azərbaycan bu iki qonşu ölkə ilə əlaqələrin daima yüksək səviyyədə olmasında maraqlıdır. Bunun üçün də zaman-zaman hər iki qonşu ilə mövcud olan yaxşı əlaqələrindən istifadə edərək Rusiya-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olması üçün əlindən gələni edib. Çünki regionumuzda sülh və inkişafın yolu qarşılıqlı maraqlar nəzərə alınmaqla uğurlu tərəfdaşlıq münasibətlərindən asılıdır.
Hazırda Rusiya-Türkiyə münasibətləri özünün inkişaf mərhələsini yaşayır. Hətta NATO üzvü olan qardaş Türkiyə özünün milli təhlükəsizliyi ilə bağlı bəzi strateji məsələlərdə Rusiyaya etibar edir. Bütün təzyiqlərə baxmayaraq S 400 hava hücumundan müdafiə sistemlərinin alınması ətrafında olan əməkdaşlıq bunu ən bariz nümunələrindən biridir. Üstəlik, biz bu günlərdə iki ölkənin prezidentlərinin iştirakı ilə Akkuyu atom elektrik stansiyasının təməlqoyma mərasiminə şahidlik etdik ki, bu da dövlətlərarası münasibətlərdə etimad mühiti olmadıqda baş tutan bir hadisə deyil. Bütün bunlar geri dönülməsi mümkün olmayan dostluq münasibətləri üçün əsaslı zəmin yaradır, təməl funksiyası yerinə yetirir. Bu isə Azərbaycanın da lehinədir. Biz artıq bilirik ki, 30 ilə yaxın bir müddətdə erməni işğalı altında qalan torpaqlarımızın işğaldan azad edilməsində Türkiyə- Rusiya münasibətlərində qarşılıqlı etimadın və əməkdaşlığın da özünəməxsus rolu oldu. Hazırda isə yaranmış yeni reallıq Rusiya -Azərbaycan -Türkiyə üçbucağında olduqca strateji əhəmiyyətli əməkdaşlıq perespektivləri açıb.
Əminəm ki, bu tarixi fürsətdən hər üç ölkə maksimum yararlanmağı bacaracaq. Çünki bu hər üç ölkənin milli maraqlarına uyğundur. Təkcə Zəngəzur dəhlizinin işə düşməsi özlüyundə yeni iqtisadi-kommunikasiya reallıqları yaratmaqla tamamilə ayrıca bir hadisə təşkil edir. Ona görə bu münasibətlər daima inkişaf edəcək və regionumuza sülh və tərəqqi gətirən mümhüm strateji faktor kimi çııxış edəcək”.
Politoloq Elxan Şahinoğlu isə öncə qeyd etdi ki, Türkiyə və Rusiya dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bir neçə gün əvvəl Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 3-cü blokunun təməlqoyma mərasiminə onlayn formatda qatılıblar: “Prezidentlər onlayn görüş zamanı yaxın müddətdə əyani görüşəcəklərini də elan ediblər. Vladimir Putin uzun müddətdir türkiyəli həmkarı ilə görüşmədiyini vurğulayaraq bu cümləni işlədib ki, görüşü yaxın vaxtlarda reallaşdırmaq lazımdır. Demək, Putinin türkiyəli həmkarıyla üzbəüz görüşə ehtiyacı var.
Putin Ərdoğanın simasında özünə yaxın tərəfdaş tapıb. Rusiya tarixində ilk dəfə olaraq NATO-ya üzv olan ölkəyə müasir raketlər satıb, boru xətləri inşa edib və nəhayət, tərəfdaşının ərazisində atom elektrik stansiyasının tikintisini davam etdirir. Bundan başqa iki dövlət Suriya, Liviya və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda əməkdaşlıq edirlər. Bu bizim üçün də əhəmiyyətlidir. Çünki Rusiya hərbçilərinin Dağlıq Qarabağdakı fəaliyyətlərləri ilə bağlı suallarımız var, üstəgəl Laçın dəhlizi üzərindən sərhədin nəzarətə götürülməsi vacibdir. Ərdoğanın bu məsələləri də Putinlə müzakirə edəcəyi ehtimalı yüksəkdir. Əsas odur ki, Putin Ərdoğanın Qarabağla bağlı növbəti təkliflərinə “yox” deməsin. Digər tərəfdən ümid edirik ki, Bakı ilə Ankara arasında Putinə çatdırılacaq təkliflərlə bağlı ortaq çalışma var”.
“Yeni Müsavat”