“Bayramlarda ən böyük arzumuz Allahın bizi ayırmaması idi. Həmişə birgə yaşlanmağı xəyal edərdik”.
Bunu Azvision.az -a Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı İsmayıl Səmədovun xanımı Bəsti Səmədova həyat yoldaşı ilə birgə qeyd etdiyi bayramları xatırlayarkən deyib. O, həyat yoldaşının bayramlarda daha çox gül hədiyyə etməyi xoşladığını bildirib:“Gülləri çox sevdiyimə görə, gül almaq onun vərdişi idi. Bəzən hərbi hissədən gülləri yığıb gətirirdi. Çox diqqətli insan idi. Tanış olduğumuz günü belə qeyd edirdik. Bizim üçün hansı bayramın olmasının ciddi əhəmiyyəti yox idi. Birlikdə idiksə, deməli, həmin günü bayram kimi qeyd etməyə əsasımız var idi. Onun təbrikləri ilə bağlı çox maraqlı xatirələrim var. Bir dəfə 8 Martda iş yoldaşları ilə birgə blokumuzun bütün xanımlarını hədiyyələr alaraq təbrik etmişdilər. Hətta bizim üçün süfrə açmışdılar.
Ötən il Qadınlar Günündə təlimdə idi. Evdə olmadığına görə sadəcə təbrik yazmışdı. Amma o qədər diqqətli idi ki, saat 12 olan kimi mütləq ya yazacaqdı, ya da zəng edəcəkdi. Heç bir bayram gecikə bilməzdi. İsmayıl kimi insanın həyat yoldaşı olmaq və elə bir insanı tanımaq mənim üçün çox qürurvericidir. O, çox möhtəşəm həyat yoldaşı və ata idi.
Bir dəfə Sevgililər günündə dedi ki, həyətə düşüb gəlirəm. Geri qayıdanda əlində böyük bir gül buketi ilə evə girdi. Çox maraqlı, həyatcanlı, sürprizləri sevən adam idi. Bir dəfə toydan gəlirdim, gördüm ki, evdə mənim üçün gül alıb qoyub. Biz xoşbəxt ailə olmuşuq. Həyatda ən böyük arzumuz birgə yaşlanmaq idi. Mənim üçün hədiyyə vacib deyildi, əsas olan İsmayılın varlığı idi”.
Qeyd edək ki, Vətən müharibəsində qəhrəmanlığı ilə yeni tarix yazan döyüşçülərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədov olub. O, Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra cəsur döyüşçüyə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları verilib. Özündən sonra iki azyaşlı övladı yadigar qalıb.