Dünyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycanın Vətən müharibəsində işğaldan azad etdiyi torpaqlardan hazırlanmış reportajlar və Xocalı soyqırımının ildönümü ilə bağlı yazılar işıq üzü görüb.
Jurnalist Hasan Haydar Diabın Xorvatiyanın “Axşam qəzeti”ndə işıq üzü görən reportajında qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında cəmi 44 gün davam edən müharibədə Ermənistan “SCUD-B”və “Toçka” ballistik raketlərindən Azərbaycanın Gəncə, “BM-30 SMERCH” raketlərindən Bərdə şəhərini atəşə tutub, nəticədə onlarla mülki insan həyatını itirib. Beynəlxalq konvensiyalara əsasən isə kaset bombalardan ibarət olan “SMERÇ” raketlərindən istifadə qadağandır.Jurnalist Azərbaycanın cəbhə xəttindən yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərinə Ermənistan tərəfindən zərbə endirilməsinin beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən də qınandığını nəzərə çatdırır. Qeyd edir ki, Ermənistanın Mingəçevir şəhərinə zərbə endirməklə əsas hədəfi Cənubi Qafqazdakı ən böyük su anbarı olub və geniş miqyaslı fəlakətə yol açmaq istəyib.
Yazıda Hasan Haydar Diabın 44 gün davam edən müharibə zamanı Azərbaycan və Ermənistan orduları arasında qanlı döyüşlərin baş verdiyi Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına ilk baş çəkən jurnalist olduğu bildirilir. Jurnalist Ermənistan ordusunun geri çəkilərkən ərazidə çoxlu sayda minalar yerləşdirdiyi üçün bu rayonlara səfərinə icazə verilməsini bir neçə ay gözlədiyini bildirir.
Hasan Haydar Diab Füzulidə olarkən ərazinin minalardan təmizlənməsində yaranan çətinliklərin şahidi olduğunu vurğulayır, ermənilərin minalanmış ərazilərin xəritəsini vermədiyi üçün minatəmizləmə əməliyyatının çətinliklərindən bəhs edir. Jurnalist işğaldan azad edilmiş ərazilərdə hər şeyin, hətta qəbiristanlıqların belə dağıdıldığını və bundan şoka düşdüyünü nəzərə çatdırır. Bununla belə, 1993-1994-cü illərdə bu ərazilərdən didərgin salınmış azərbaycanlıların, xüsusən yaşlı insanların dağıdılmış da olsa, evlərinə baş çəkməyə can atdığına diqqət çəkir.
Hasan Haydar Diab işğaldan azad edilmiş ərazilərdə bəzi yeni evlərə rast gəldiyini, bu evlərin azərbaycanlıların yaşamış olduğu ərazilərin məskunlaşdırılması üçün güclü erməni diasporunun köməyi ilə xaricdən köçürülmüş ermənilər üçün tikildiyini qeyd edir.
İşğalçı Ermənistanın illərlə Azərbaycanın ərazisi olan Dağlıq Qaradağın resurslarını istismar etdiyini xatırladan jurnalist ağacların da kəsilərək keyfiyyətli mebel istehsalı üçün Ermənistana aparıldığını bildirir. Jurnalist Cəbrayılda yol boyu Ermənistan ordusunun məşv edilmiş maşın, tank və zirehli texnikasından söz açır və onların sıradan çıxarılmasında silahlı pilotsuz aparatların rolundan söz açır.
Hasan Haydar Diab noyabrın 10-da imzalanmış bəyanatla Azərbaycanın qələbəsinin rəsmiləşdiyini vurğulayır. Reportajda azərbaycanlı əsgərlərinin vətənpərvərliyinə də geniş yer ayrılır.
Fransanın “atlantico.fr” portalında dərc olunan məqalədə Fransanın Xocalı soyqırımını tanıyaraq mövqeyini tarazlaşdıra biləcəyindən bəhs olunur. Məqalədə qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan yeni tarixinin ən qaranlıq səhifələrindən birini yaşayıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün qanlı cinayət törədib. Məqalədə gələcəkdə bu kimi soyqırımların qarşısının alınması üçün Xocalı soyqırımını törədənlərin mühakimə edilməli olduğu vurğulanır. (apa)