ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş etdirilib

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş etdirilib backend

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb.

Bu barədə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.

Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir. Onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarda çoxsaylı məqalələri dərc olunub.

Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiyini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini də diqqətə çatdırır.

R.Kontreras Xocalı hadisələrinin soyqırımı olduğunu bildirir və bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır.

Müəllif Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda da məlumat verir. O, həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.

R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cazalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.

Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən orada törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim edib.

Diaspora