İtaliyanın "agenziastampa.net" xəbər portalında "Xocalı soyqırımı" sərlövhəli məqalə yerləşdirilib.
Diaspora İlə İş Üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə saytda yerləşdirilən məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib.Yazıda Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlə məruz qalmız xocalıların meyitlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalisti Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.
Xocalı soyqırımının təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə etirafı, erməni yazıçı Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabda erməni əsgərlərinin dinc xocalıları qətlə yetirdiyini yazdığı nəzərə çatdırılıb
Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür