Vahid Əhmədov: “Bu layihə bir rayonla kifayətlənməyəcək”
İşğaldan azad edilmiş torpaqlarımızda müasir tipli kəndlərin qurulması və bərpası prosesinə start verildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-Prezident Mehriban Əliyeva fevralın 14-də Zəngilan, Füzuli, Cəbrayıl və Laçın rayonlarında səfərdə olublar. Prezident İlham Əliyev Zəngilan rayonunun kəndində ilk “Ağıllı kənd” projesinin əsasını qoyub.Bu proses cənub sərhədindən başladı. Torpaqların azad edilməsi də o istiqamətdən başlamışdı. Sonradan hansı bölgələr, qəsəbə və kəndlər bərpa ediləcək? İlkin hesablamalara görə bərpa prosesinə nə qədər maliyyə lazım olacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, bu addımlar çox müsbət və vacib addımlardır: “Cənab Prezidentin iş qrafiki, gündəmi kifayət qədər sıxdır. Amma bütün bunlara baxmayaraq, o, tez-tez işğaldan azad olunmuş rayonlarımıza səfər edir. Hər səfərində də bir ciddi layihənin təməlini atır. ”Ağıllı kənd" layihəsinin əsasını isə budəfəki səfərində qoydu. Cənab Prezident qeyd elədi ki, bütün işğaldan azad edilmiş rayonlar üzrə layihələr hazırlanır. Hər bir rayonun baş planı hazır olan kimi bütün rayonlarda bu işlərə başlanılacaq. Prezident faktiki olaraq məhz o zonaya getdiyi üçün ilk addım kimi Zəngilan rayonunun kəndində “Ağllı kənd” layihəsinin təməli qoyuldu. Bu layihə bir rayonla kifayətlənməyəcək və kifayətlənmək də lazım deyil. Bu, bütün rayonlarda həyata keçiriləcək və keçirilməlidir. Sürətli tikinti işləri həyata keçirilməlidir ki, biz qısa müddətdə-heç olmasa 2 il müddətində həmin ərazilərdə yaşayış üçün müəyyən şəraiti yaradaq".