“Bizdən qabaqda gedən yoldaşımız minaya düşdü və onda anladıq ki...” - Vətən müharibəsi döyüşçüsü

“Bizdən qabaqda gedən yoldaşımız minaya düşdü və onda anladıq ki...” - Vətən müharibəsi döyüşçüsü backend

Vətən müharibəmizin könüllü döyüşçülərindən biri də Elşən Elçin oğlu Qasımovdur.

E.Qasımov 1998-ci ildə Cəlilabadın Muğan kəndində anadan olub. O, iki bacının bir qardaşıdır.

Moderator.az-ın əməkdaşı vətənpərvər döyüşçümüzlə görüşərək onunla xeyli həmsöhbət olub:

- Elşən, hərbi xidmətini harda keçmisən?

- Sərhəd Qoşunlarının Şəmkir korpusunda xidmət etmişəm. Orda atıcı, snayperçi oldum və daha sonra çavuş rütbəsi aldım.

- Bəs Vətən müharibəsinə getməyinə səbəb nə oldu?

- Sentyabrın 27-də dostum Həsən Dəmirov və atamın dayısı oğlu Cəfərli Röyal şəhid oldu. Bundan sonra evdən xəbərsiz gedib dostlarım Hacı və Cavidanla adımızı "komissarlıq" da könüllülər sırasına yazdırdıq.

- Evdə döyüşə getməyini biləndə bunu necə qarşıladılar?

- Artıq bizi döyüşə apardıqlarını dəqiq biləndən sonra gəlib evdə valideynlərimə dedim ki, mən döyüşə gedirəm. Doğrusu, valideynlərim də mənim bu istəyimi təmkinlə qarşıladılar. Çünki içimdə bir vətən sevgisi var idi və bunu hər kəs başa düşməli idi. Beləliklə, sentyabrın 30-da yola düşdük.

- Hansı istiqamətlərdə döyüşə başladın?

- Bizi Ağcabədi rayonuna apardılar və bir gecə orda qaldıqdan sonra Beyləqana yola düşdük. Beyləqandan isə Füzuli istiqamətində döyüşə yollandıq. Dostlarım Hacı, Cavidan və qonşu kənddən olan Mayis adlı dostumuz da bizimlə döyüşə girdi. Füzulinin Qaraxanbəyli kəndi istiqamətindən artıq döyüşlərə başladıq. Bizə hələ hər şey yuxu kimi gəlirdi. Bizdən qabaqda gedən döyüşçü yoldaşımız minaya düşdü və ayağını itirdi. Onda bildik ki, artıq bu işin zarafatı yoxdu, qanlı-qadalı müharibədəyik. Biz 18 gün bir yerdə döyüşdük və daha sonra ayrı-ayrı istiqamətlərə yollandıq.

- Hansı rayonların alınmasında iştirak etdin?

- Füzuli və Xocavənd istiqamətlərində döyüşdüm. Müharibədə təsirli səhnələr çox oldu. Döyüşçü yoldaşlarımdan bir neçəsi şəhid oldu. Döyüşdə iştirakıma görə Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə” və “Xocavəndindən azad olunmasına görə” medalları ilə təltif edildim.

- O torpaqların alınmasında payı olmuş bir döyüşçü kimi indi hansı hissləri keçirirsən?

- Qarabağ torpağı bizim əzəli torpaqlarımızdır. Vətən müharibəsində iştirak etdiyim üçün çox qürurluyam. Vətəni bizlər qorumalıyıq. Təbii ki, bu hiss məndə öz-özündən yaranmayıb. Anam müəllimədir, o, daim bizlərə vətəni sevməyi, onun dar günündə düşmənlə döyüşməyi aşılayıb. Bu gün ilk öncə məni bu cür böyüdən valideynlərimə təşəkkür etmək istəyirəm. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa versin. Bizim məqsədimiz ancaq irəli getmək idi və buna da nail olduq. Qalib ölkənin döyüşçüsü kimi fəxr edirəm.
Diaspora