MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidlərimiz Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanovla görüşüb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidləri Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanovla Mədəniyyət Komitəsində görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:“Əziz şəhid atası,
Sizin oğullarınız Vətən uğrunda mərdliklə döyüşərək öz canlarını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid Altay və Elgünün ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Oğlunuz Altay 03 oktyabr 2019-cu ildən 20 aprel 2020-ci ilədək həqiqi hərbi xidmət keçib; 26 avqust 2020-ci ildə isə Beyləqan istiqamətindəki “N” saylı hərbi hissədə müddətdənartıq xidmət edən hərbi qulluqçu olaraq yenidən xidmətə başlayıb. Vətən Müharibəsi başlayınca döyüşlərdə iştirak edən Altay Füzuli istiqamətində gedən döyüşlərdə, Seyidəhmədli kəndi səmtində 13 oktyabrda şəhid olub.
Altay Mövlanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti tərəfindən “Vətən uğrunda” medalı ilə, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Digər oğlunuz Elgün 08 may 2020-ci ildə həqiqi hərbi xidmətə başlayıb. O da Vətən Müharibəsi başlayınca bir mərd əsgər kimi döyüşlərdə iştirak edib. Elgün 29 sentyabrda Talış kəndində şəhid olub.
Elgün Mövlanov da “Vətən uğrunda” medalı ilə təltif edilib.
Altay və Elgün kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Onların və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin özünəməxsus mədəni ənənələrini, ümumən respublika üzrə mədəni həyatı canlandırmaq, ölkəmizi çiçəkləndirmək imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!
Şəhid qardaşların atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.