MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Vüsal Babayevin ailəsi ilə görüşüb.
Qaziler.az bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Baş leytenant Vüsal Sübbuh oğlu Babayevin həyat yoldaşı Aynur Mirhəsən qızı Babayevaya ilə Mədəniyyət Komitəsində görüşüb, şəhid zabitin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:“Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş zabitimizin həyat yoldaşısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox siz şəhid ailəsi üzvləri haqq edirsiz.
Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Şəhid Baş leytenant Vüsal Babayev Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Vüsal kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm!
Xahiş edirəm, mənim və Mədəniyyət Komitəsi üzvlərinin salamlarnı ailə üzvlərinizə, doğmalarınıza çatdırasız".
Şəhid zabitin həyat yoldaşına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.