"Pəncərədən "Cücələrim"i eşidəndə bildim ki, azərbaycanlılar Şuşanı alıb"

"Pəncərədən "Cücələrim"i eşidəndə bildim ki, azərbaycanlılar Şuşanı alıb" backend

Ermənistanda əsirlərin geri qaytarılması məsələsi gündəmdən düşmür. Rusiya mətbuatı da buna diqqət yetirir. “Kommersant” Azərbaycan tərəfinə əsir düşmüş Rusiya vətəndaşı olan Artur Qazaryan adlı şəxsdən müsahibə götürüb.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Artur Qazaryan xeyli maraqlı məqamlara toxunub. 2013-cü ildən Qarabağda yaşayan Rusiya vətəndaşı Azərbaycan qüvvələrinin Şuşanı necə azad etməsindən, özünün hansı şəraitdə əsir düşməsindən, Bakıdakı təcridxanadan danışıb.

Qəzet yazır ki, Qazaryandan müsahibə almaq asan başa gəlməyib. Çünki başqa əsirlərdən fərqli olaraq onu birbaşa Moskvaya yola salıblar. “Kommersant”ın əməkdaşı əsirlərin dəyişdirilməsi prosesini izlədiyindən, Rusiya vətəndaşı jurnalistə rədd cavabı verə bilməyib.

Qazaryan 1957-ci ildə Xankəndidə doğulub, ali təhsilini Moskvada alıb, amma sovet Azərbaycanının başqa yerlərində də yaşamağa imkan tapıb.

“Birinci Qarabağ savaşı zamanı evlər dağıdılmışdı. Hesab olunurdu ki, acımaq lazım deyil, çünki sahibləri geri qayıda bilərdi. Mənə bunu anlamaq çətindir. Çünki dağıdılanları yenidən qurmaq lazım gəlirdi. Mən onu da anlamırdım ki, niyə bizimkilər gedəndə Kəlbəcərdə evləri yandırırdılar”.

Sonuncu dəfə əməliyyatlar başlayanda Artur Şuşada kollecdə işləyirmiş. Bir müddət sonra burada məskunlaşmış sakinlərin hamısı çıxıb gedib. Qazaryanın getməyə yeri olmadığına görə Şuşada qalıb.

“Şəhərdə iki-üç mağaza işləyirdi. Məktəbdə isə yardım paylanması həyata keçirilirdi. Noyabrın 1-nə yaxın daha küçəyə çıxmaq mümkün deyildi. Mən artıq atəş tezliyindən, səsindən Ermənistan və Azərbaycan tərəflərinin yerini ayıra bilirdim. Ermənistan qüvvələrinin şəhəri saxlaya bilməyəcəyini anlayanda kilsəyə yollandım. Kilsənin yaxnlığında məktəb var. Pəncərədən “Cücələrim”i eşidəndə bildim ki, azərbaycanlılar Şuşanı alıb. Bu mahnını uşaq bağçasından xatırlayırdım”.

Qazaryan elə kilsədə əsir düşüb. İçəri azərbaycanlı zabit daxil olub. Bir az sonra onu görüb. Qazaryanın danışdıqlarından belə anlaşılır ki, onunla kobud davranmayıblar. Artur azərbaycanca “müəllim” ifadəsini işlədib. Yəni müəllim işlədiyini deyib. Bundan sonra onu müvəqqəti düşərgəyə aparıblar. Qazaryan deyir ki, orada ondan başqa daha üç əsir olub. Azərbaycanlı əsgərlər heç birinə əl qaldırmayıb.

Rusiya vətəndaşı danışır ki, əsgərlər nə yeyirdisə, onunla bölüşürmüş. Ona ilk ünsiyyətdə peçenye veriblər. Artur çox yeməməyə çalışırmış. Çünki hər dəfə tualetə izn almağa utanırmış. Hərçənd, azərbaycanlı hərbçilər onu müşayiət etməyə ərinmirmiş.

Qazaryan ondan telefonunun yalnız bir neçə gün sonra alındığını bildirir. Əvvəlcə Füzuliyə, sonra Şamaxıya aparılıb. Bakıya noyabrın 13-də çatıblar.

“Mənimlə haradan gəldiklərini bildirməyən iki-üç əməkdaş sohbət edirdi. Biri ermənicə yaxşı danışırdı. Deyirdi ki, nənəsi ermənidir. Məhz o söylədi ki, oğlum məni axtarır. Mənimlə bir idarə rəhbəri də danışdı. Dedi ki, Zəngilandandır, orada məscid murdarlanıb. Mən əsirlikdə başa düşdüm ki, azərbaycanlılar Şuşaya xüsusi həssaslıqla yanaşırılar. Bu şəhər onlar üçün müqəddəsdir”.

Qazaryan xatırlayır ki, noyabrın 26-da onun yanına qeyri-hökumət təşkilatından Nadir adlı şəxs və bir qız gəlib. O, Arturla çox mehriban söhbət edib. Sonradan həmin şəxs onu Bakıda gəzintiyə çıxarıb, şəhəri göstərib.

“Kommersant” sonda bir vacib məqama da diqqət çəkib. Ermənistan mətbuatı Qazaryanın fikirlərini xeyli təhrif edib. Onun peçenyenin yarısını azərbaycanlı əsgərləri qıcıqlandırmamaq üçün yediyi yazılıb. Halbuki Qazaryan heç bir təzyiq altında olmadan rus jurnalistə əsgərlərdən yaxşı münasibət gördüyünü bildirib. Ermənistan mətbuatı yazıb ki, guya Artur qorxusundan peçenyenin hamısını yemirmiş.
Diaspora