Kürdəmir rayonunda Vətən müharibəsində şəhid olan kapitan Ramil Taqət oğlu Babayev dəfn olunub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhid Ramil Babayev Vətən müharibəsinin ilk günündən kəşfiyyatçı kimi Quru Qoşunlarda döyüşə qatılıb.O, sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan Ramil Babayevin şəhid olması məlum olub.
Bu gün isə onun nəşi ailəsinə təhvil verilib, mərhum Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin komandirləri və döyüş yoldaşları iştirak ediblər.
Şəhidin komandiri üç rəngli dövlət bayrağını şəhidin atası Taqət Babayevə təqdim edib. Onlar Ramilin necə vətənpərvər, igid və cəsur zabit olduğunu bir daha qeyd ediblər.
Qeyd edək ki, şəhid kapitan Ramil Taqət oğlu Babayev 1991-ci ildə Kürdəmirdə anadan olub. Ramil ilk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
Daha sonra təhsilini Silahlı Qüvvələrin Hərbi Akademiyasında davam etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və Vətənə layiqli xidmət edib, dəflərlə komandirləri tərəfindən mükafatlara layiq görülüb.
Qeyd edək ki, Ramil ailəli idi, onun bir oğlu və bir qız övladı bizlərə yadigar qalıb. Ramil yeni anadan olan oğlunun dünyaya gəlməsindən xəbərsiz şəhidlik zirvəsinə ucalıb.
Ailəsi isə yeni doğulan körpəyə elə şəhid Ramilin adını qoymaq niyyətindədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.