Bu divarlar arasında çox sirr yatır. Nələri, kimləri görməyib bu divarlar?
Məşhur Şuşa türməsi...Bu divarlar arasında çox sirr yatır. Nələri, kimləri görməyib bu divarlar?
Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırır.
Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb.
Şuşa türməsi həm də tarixi abidə, arxitektura nümunəsidir. Buna görə də bura tikinti-arxitektura baxımından öyrənilməli, qorunmalıdır.
Şuşa həbsxanası Rusiya imperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ət qatı cinayətkar hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Rusiya imperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib.
1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.
İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.
SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir.
Həbsxananın qapısından içəri girəndə tükürpərdən mənzərə ilə qarşılaşırsan. Kameralardan gələn üfunət iyi adamın başını çatladır. Kirli divarlar, yarıqaranlıq otaqlar, ağır dəmir qapılar burda saxlanan insanların necə dəhşətli günlər keçirməsi haqqında ilk baxışdan təəssüratlar oyadır.
Azərbaycanlı girovların, azərbaycanlı qız-gəlinin, azərbaycanlı hərbçilərin min bir əziyyət, zülm gördüyü Şuşa türməsinin içindəyik. Əsir və girovlar bura salınıb və bu dəmir barmaqlıqların arxasında saxlanılıblar. Bu isə türmənin hamamıdır - buna da hamam demək olarsa.
Yanıma gələn əsgər məni Dilqəmlə Şahbazın saxlanıldığı kameraya apara biləcəyini deyir. Əsgərlə tək adamlıq kameralar olan yerə gəlirik. Dilqəm Əsgərov və Şahbaz Quliyev 6 il burada saxlanılıblar. Görəsən, onları hansı kamerada saxlayıblar?