Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq.
Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir.Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Təbii ki, düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır.
İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib. Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur. Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib. Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz.
Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir. Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır".