Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi

Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi backend

Hərbçi yoldaşları ona "düşmənə qan udduran" ləqəbi ilə xitab ediblər.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, Sənan Muxtar oğlu Ələsgərzadə 1995-ci ildə Şəki rayonunun Əliyar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Lənkəranda "N" saylı hərbi hissədə xidmətini tamamladıqdan sonra evə qayıtmadan müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.

Daxili Qoşunlar, daha sonra isə xüsusi təyinatlıların sıralarına qoşulub. Uşaqlıqdan bütün sahələrdə fəallığı ilə seçilən Sənan xidmət etdiyi müddətdə də hərbçi yoldaşlarının yanında hörmət qazana bilib.

Sənanın taleyinə Vətən Müharibəsində iştirak etmək və döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaq da yazıldı. Sənan Ələsgərzadə 27 sentyabrdan etibarən Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü isə 20 oktyabrda Qubadlı istiqamətində olub. Döyüşlər zamanı qarşı tərəfdən atılan minaatan mərmisinin qəlpəsi Sənanın bir qolunu qoparıb. O, qanaxma olmasına baxmayaraq, döyüşə davam edib. Daha sonra isə əbədi olaraq şəhidlik zirvəzinə ucalıb.

Daxili Qoşunların xüsusi təyinatlı giziri Sənan döyüşlər zamanı ermənilərə qan uddurub, onlarla erməni hərbçisini tək başına məhv edib. Döyüş yoldaşları Sənanı hər zaman mərd, qorxmaz bir hərbçi kimi tanıyıblar.

Sənanın qardaşı da Vətən müharibəsinə könüllü qatılan döyüşçülərdən olub. O, Murov istiqamətində döyüşərkən qardaşının şəhid olması xəbərini eşidib.

Qeyd edək ki, Daxili Qoşunların giziri Sənan Ələsgərzadə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Diaspora