Şəhid Zabil Azadlı: “Mən kəndimizin ilk və son şəhidi olacağam”

Şəhid Zabil Azadlı: “Mən kəndimizin ilk və son şəhidi olacağam” backend

Zabilin dediyi kimi də oldu.

O, kəndlərinin ilk və son şəhidi kimi adını tarixə yazdı.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, Lerik təkcə təbiəti ilə deyil, dağlar kimi qürurlu, elinə-obasına başucalığı gətirən oğulları ilə də fəxr edilən diyardır.

Vətən müharibəsində düşmən önünə sipər olan oğullarımızdan biri də Biləvər kəndində doğulan Zabil Tələt oğlu Azadlıdır. Yeni ilin ilk günü şəhid əsgər Zabil Azadlının 22 yaşı tamam olub. O, ailədə 5 övladdan böyüyü olub: 2 qardaş, üç bacı. Digər qardaşı Amil də hərbi xidmətdədir. O da Tovuz döyüşlərinin iştirakçısı olub.

Zabil ali məktəbə tərcüməçi ixtisası üzrə qəbul olub. Amma düşmənə nifrəti onu Qarabağa aparıb. Sentyabrın 30-da könüllü olaraq üç əmioğlu birlikdə orduya səfərbər olublar. Əsgərlikdə kəşfiyyatçı olan Zabil Fizuli istiqamətində gedən amansız, qanlı döyüşlərdə iştirak edib. Hərbi xidmətdə əldə etdiyi hərbi bilik və bacarıqlardan yararlanaraq bir neçə kəndin və vacib postların düşməndən geri alınmasında fəallıq göstərib. Döyüş yoldaşlarının dediyinə görə, son dəfə onu döyüşdə oktyabrın 12-də görüblər. Düşmənin iki istehkamını ələ keçirdikdən sonra pusquya düşüblər. Yoldaşlarının yaralananı da olub, şəhid olanı da. Zabildənsə xəbər olmayıb. Onun daha irəli gedərək şəhid olduğu təxminən iki həftə sonra məlum olub.

Şəhidin anası İradə Həsənova deyir ki, Zabil Polad Həşimov şəhid olandan sonra hərbi komissarlığa gedərək qeydiyyatdan keçib: "Dedi ki, o, şəhid olub, mən onun qisasını alacağam. Dedim, mən xəstəyəm, ana qurban. Dedi yox. Mən Vətəni qorumağa gedirəm. Dedim get".

Atası Tələt Azadov da övladı ilə qürur duyur. O bizə bildirdi ki, Zabil cəbhəyə gedəndə anasına deyib ki, kəndimizdə həm birinci, həm də axırıncı şəhid olacağam: "Kəndimizə də bayrağı gətirərəm. Özü də qələbə bayrağını gətirərəm. O, öz sözünü tutdu".

Diaspora