Bu gün Rusiya XİN başçısı Sergey Lavrov onlayn mətbuat konfransı keçirib.
Azərbaycan tərəfdən RF nazirinə verilən suallardan biri Ermənistan rəsmilərinin icazəsiz Azərbaycana – konkret olaraq Yuxarı Qarabağa gəlməsi ilə bağlı olub. Sergey Lavrovun bu məsələyə münasibəti, cavabı olduqca narahatlıq yaradır. Rusiya diplomatiyasının başçısı 10 noyabr bəyanatında belə bir qadağanın olmamasını vurğulayaraq, ümumiyyətlə “Qarabağ erməniləri ilə Ermənistan ermənilərinin əlaqəsinə mane olmaq kimi heç bir məhdudiyyət nəzərdə tutulmayıb və bu on illərlə belə olub” deyib. Lavrovun Ermənistan rəsmilərinin səfər zamanı söylədiklərinə irad bildirməsi isə bizə xoş gəlmək üçün deyilən sözdür və əhəmiyyət daşımır. Yəni, Lavrovun dediyindən belə çıxdı ki, Ermənistan rəsmiləri Qarabağa icazəsiz gəlib gedə bilərlər, amma danışanda qıcıqlandırıcı söz deməsinlər.Laçın dəhlizi haqqında Lavrovun söylədiklərinin dövlət sərhədinə heç bir aidiyyatı yoxdur. Belə çıxır ki, Azərbaycanla Ermənistanın bu bölgədə heç vaxt dövlət sərhədi olmayacaq. Axşam İrəvanda konyak içib “gedək türkləri qıraq, Artsaxı azad edək” deyən ermənilər maşın karvanı ilə gəlib rus sülhməramlılarına “barev” deyib keçəcək, ruslar da onların təhlükəsizliyini Laçın dəhlizində təmin edib Xankəndinə qədər müşayət edəcək, növbəti axşam da Qarabağ erməniləri ilə birlikdə yeyib-içib Şuşa postuna hücum çəkəcəklər. Artıq belə halların olduğunu Fransanın “ Le Monde” nəşri də yazmışdı.
Lavrovun cavabı səmimi deyil. Lavrovdan soruşmaq lazımdır ki, Krımda yaşayan ukraynalılarla Ukrayna vətəndaşlarının maneəsiz gediş-gəlişi üçün belə bir nəzarətsiz sərhəd - dəhliz qoymusunuzmu? Və ya Ukrayna vətəndaşı ruslar Rusiyaya belə bir dəhliz - sərhəddən keçib getmək imkanlarına malikdirmi? Rusiyanın ucsuz bucaqsız sərhədlərində neçə belə maneəsiz dəhliz var? Donbasda da varmı? Yoxsa Gürcüstan rəsmiləri, gürcü vətəndaşlar rahat şəkildə Abxaziyaya, Cənubi Osetiyaya Rusiya “sülhməramlılarının” yanından keçib gedirlər?
Lavrovdan soruşmaq lazımdır ki, Ermənistan erməniləri Rusiya ermənilərinin yanına gedəndə Rusiya sərhədində də yoxlamadan keçməmiş dəhlizdən istifadə edirmi? Ermənisənsə keç yuxarı başa, dəhlizdən keç. Bu nə məntiqdir?
ASALA Beyrutda keçən ay Şuranın iclasını çağırıb və Qarabağa terrorçularını “sülh göyərçini” formasında göndərməyi planlaşdırıb. Erməni terrorçuları dünyanın dörd bir yanına səpələnib. Onlar gələndə necə olacaq?
Ümumiyyətlə, Azərbaycan təcili dövlət sərhədini məlum yerdə nəzarətə götürməlidir və bu istiqamətdə danışıqlara başlamalıdır. Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət edir, sərhədə yox. Məsələni gərginləşdirməmək üçün sərhədə müvəqqəti olaraq Rusiya hərbçiləri ilə birgə nəzarətin həyata keçirilməsini irəli sürmək olar. Qarabağ ermənilərinin gediş-gəlişi də nəzarətdə olmalı, Ermənistan vətəndaşları isə bütün xarici ölkələrə necə gedirlərsə, Azərbaycana (burda konkret olaraq nəzarət edə bilmədiyimiz ərazi nəzərdə tutulur) da o cür giriş qaydasından istifadə etməyə məcburdurlar.
Azərbaycan XİN Erməistanla məlum yerdə dövlət sərhədinə nəzarət məsələsini Rusiya Federasiyası ilə həll etmək istiqamətində yubanmadan danışıqlara başlamalıdır. Bir ölkənin sərhədi ki, bircə yerdə boş buraxıldı, oradan bütün düşmənlər istifadə edəcək. Kim qarantiya verir ki, İran yük maşınları əvvəllər olduğu kimi yenə də həmin dəhlizdən keçib separatçı rejimə ucuz yanacaq daşımayacaq? Rusiya özü Qarabağdakı Ermənistan silahlı qüvvələrinə müasir silahlar verməyəcək?
Belə bir məsəl var: “Kişi evin çəpəridir, kişi olmayanda ora boylanan çox olar”. İndi sərhəd də dövlətin çəpəridir, olmayanda ora soxulan çox olacaq.
İlham İsmayıl