Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri sülhməramlı kontingentin 400-ə yaxın hərbi qulluqçusunun yerləşdirildiyi Xankəndidə, eləcə də Qozlukörpü (keçmiş Ağdərə rayonunda, 1992-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilən kənd) və Qarakənd yaşayış məntəqələrində 3 blok-modul şəhərcik inşa edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, hazırda ümumi tutumu 540 nəfərdən çox olan daha 5 şəhərciyin inşası üçün ərazilərin hazırlanması davam edir.
“Müşahidə məntəqələrində xidmətin təşkilini təmin etmək, gündəlik ehtiyacları qarşılamaq, sülhməramlı şəxsi heyətin bədən tərbiyəsi və istirahəti üçün rahat, müasir yaşayış şəraiti yaradılıb.
Hər şəhərciyin ərazisində süni örtüklü idman zalı, hamam, tibb mərkəzi, qurutma maşını, paltar təmizləmə otağı, istirahət otağı, ofis, anbar, yeməkxana var”, - məlumatda qeyd edilib.