Peqovun Qarabağda “xortlaması” - Rusiya təxribatçının əməllərinə göz yumur

Peqovun Qarabağda “xortlaması” - Rusiya təxribatçının əməllərinə göz yumur backend

Elçin Mirzəbəyli: “Peqov və onun kimilər bizim hədəflərimiz üçün maneə deyil, sadəcə...”

Azərbaycan Baş Prokurorluğunun noyabrın sonlarında barəsində cinayət işi açıb beynəlxalq axtarışa verdiyi rusiyalı jurnalist Semyon Vladimiroviç Peqov Azərbaycanın səbir kasasını daşırmaq niyyətindən əl çəkmir. O, növbəti dəfə təxribatçı əməllərə yol verib. Peqov Qarabağdan video yayıb.

Modern.az xəbər verir ki, Şuşa-Xankəndi yolu üstündə təmas xəttində çəkiliş aparan Peqov Qarabağ haqqında sənədli film çəkəcəyini və regiona yenidən gəlməyi planlaşdırdığını deyib.

Rusiyalı jurnalistin bu hərəkətləri Azərbaycan ictimaiyyətində dərin hiddət doğurub. Qarabağda sərbəst gəzən və açıq-aşkar Azərbaycanın suverenliyini pozmağa çağıran Peqovun nəyə arxayın olub təxribatçı hərəkətlərini davam etdirdiyi çoxsaylı suallar yaradıb. Özü də maraqlıdır ki, Peqovun bu davranışları Azərbaycan Baş Prokurorluğunun Peqovun qanunsuz fəaliyyəti ilə bağlı rusiyalı həmkarlarına müraciət etməsinə və ona qarşı cinayət işi açılmasına rəğmən baş verir.

Qarabağda sülhməramlı missiyanı həyata keçirən bir ölkə təxribatçı jurnalistinin hərəkətlərinə nə üçün göz yumur?

Siyasi şərhçi Elçin Mirzəbəyli Rusiyanı 10 noyabrdakı üçtərəfli anlaşma ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırdı: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında müqaviləyə əsasən, Semyon Peqovun məsuliyyətə cəlb olunması üçün Azərbaycan tərəfinin müraciəti əsasında hüquqi prosedurlar həyata keçirilməli, diplomatik nümayəndəliklər tərəfindən onun dindirilməsinə şərait yaradılmalıdır. Bununla bağlı prosesin hansı mərhələdə olduğu barədə təbii ki, məlumatlı deyiləm. Əgər təqdim olunan faktlar Semyon Peqovun məsuliyyətə cəlb edilməsi üçün yetərlidirsə, o zaman Rusiya tərəfi öz öhdəliklərini yerinə yetirməyə borcludur. Əks təqdirdə, bu, həm Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında müqavilənin, həm də ”Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının pozulması anlamına gələcək. Sözügedən Konvensiyanın 19-cu maddəsində qeyd olunur ki, qarşılıqlı yardımın göstərilməsinə edilən hər hansı bir imtinaların səbəbi barəsində xəbər verilməlidir. Əgər Rusiya tərəfi Azərbaycanın müraciətinə əsasən, hüquqi yardım göstərməzsə, o zaman Semyon Peqovla bağlı cinayət işi müvafiq məhkəmə instansiyasına təqdim edilə və şəxsin haqqında qiyabi hökm çıxarıla, Peqov haqqında beynəlxalq axtarış elan edilə, onun ölkəmizə gətirilməsi üçün xüsusi tədbirlər həyata keçirilə bilər. Bu, məsələnin hüquqi tərəfidir. Sergey Peqovun Azərbaycan ərazilərinə gəlməsi məsələsinə görə indiki halda Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Ona qalarsa, Azərbaycanda Araik Arutyunyan və digərləri haqqında da cinayət işi açılıb, beynəlxalq axtarış elan edilib. Amma həmin şəxslər də hazırda Azərbaycan ərazilərindədir. Bu baxımdan, belə məsələlərə həm də mövcud reallıqlar çərçivəsində yanaşmaq və səbirlə əsas məqsədimizə doğru irəliləmək lazımdır. Peqov və onun kimilər bizim hədəflərimiz üçün maneə deyil, sadəcə, qıcıqlandırıcı alətlərdir. Ona görə də adıçəkilən şəxs haqqında bir neçə ölkənin beynəlxalq axtarışına nail olmaq lazımdır. Onun haqqında Ukraynada da cinayət işi açılıb. Bununla yanaşı, Peqovun Gürcüstan və Moldova qanunvericiliyini pozması ilə bağlı faktlar da var. Bu baxımdan, Peqovla bağlı bir neçə ölkənin beynəlxalq axtarış elan etməsi bu iyrənc təxribatçıya ən azı hərəkət məhdudiyyəti yarada bilər".

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev məsələnin öncəliklə siyasi tərəfinin həll olunmasının vacibliyini önə çəkdi: “Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında göstərilirdi ki, Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək ”Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsinə əsaslı şübhələr müəyyən edilib. Hətta burada terrorçuluğa çağırış və digər qanunazidd əməllərlə məşğul olub. Təəssüflər olsun ki, həm o, həm də Araik Arutyunyan əvvəlki fəaliyyətlərini yenə davam etdirirlər. Halbuki hər ikisi haqqında cinayət işi başlanılıb və axtarışa verilib. Düşünürəm ki, hüquq-mühafizə orqanları təırəfindən onların yerinin müəyyənləşdirilib həbs olunmaları o qədər də çətin olmaz. Hər şey onsuz da bəllidir. Cəmiyyətdə insanların narahatlığı başadüşüləndir. Amma elə məsələlər var ki, prosesi qabaqlamaq və ya ona qarşı çıxmaq mümkün deyil. Sadəcə, bu gün bunu mümkünsüz edən məsələnin siyasi tərəfidir. Onların hər hansı formada dəstəyi olmasa, belə cinayətkar əməlləri davam etdirə bilməzlər. Aydındır ki, belə hallarda öncə məsələnin siyasi tərəfi, sonra isə hüquqi tərəfi həll olunmalıdır. Ümid edirəm ki, onları toxunulmaz edən, siyasi dəstək verən qüvvə özü ya onları təhvil verəcək, ya da onlara dəstək vermək imkanlarını itirəcək".

“Yeni Müsavat”
Diaspora