Vətən yolunda canından keçən şəhidimiz Arif Süleymanovun bu gün ad günüdür.
Xezerxeber.az-ın məlumatına görə, Arif Süleymanov 1994-cü ilin yanvarın 5-i Goranboyun Veyisli kəndində dünyaya gəlib.Atası oğluna erməni terrorunun qurbanı olmuş qardaşının adını verib.
Arif hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmətə başlayıb. Vətən müharibəsi başlayan gündən isə Tərtərin Suqovuşan və Talış kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
Atası Ramiz Süleymanov deyib ki, oğlu təhsilini davam etdirmək və hərbi sahədə yüksəlmək arzusunda idi. Amma adını daşıdğı əmisi kimi, onun da arzuları yarımçıq qalıb.
Ailəsi və dostları bu gün Arifin 27-ci doğum gününü onsuz qeyd edirlər. Otağındakı şəkillər, şəxsi əşyaları və hərbi uniformaları doğmaları üçün bir təsəllidir.
Şəhid anası göz yaşlarına hakim ola bilməsə də, övladı ilə qürur duyur.
Qalib ordunun əsgər və zabitləri də onunla fəxr edirlər. Şəhidlik zirvəsinə ucalmazdan bir neçə saat əvvəl Arif Süleymanov hərbçi dostu ilə qucaqlaşaraq vidalaşıb.
Arif Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: