Qarabağ Rusiyanı bu cür çökdürür: Kreml anlamır - Kuznetsov

Qarabağ Rusiyanı bu cür çökdürür: Kreml anlamır - Kuznetsov backend

Bir neçə gün əvvəl rus sülhməramlıları 45 min erməni qaçqının Qarabağa qayıtdığını və indi Qarabağdakı erməni əhalisinin sayının 75 minə yaxınlaşdığını sevinclə bildirdi.

Rəsmi açıqlamalarına görə, Kreml onları yükü rəsmi Bakının çiyinlərinə düşəcək potensial vətəndaşlar kimi görür. Əslində isə mənzərə Rusiya və onun siyasi rəhbərliyi üçün o qədər də nikbin deyil.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, tanınmı tarixçi alim Oleq Kuznetsov deyib.

“Mən şəxsən 18 noyabrdan 23 dekabradək Azərbaycanda olmuşam, Qarabağa səyahət etmişəm. Buna görə vəziyyətin canlı şahidi kimi danışa bilərəm.

Sözdə “təhlükəsizlik zonası”nın, yəni Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında işğal olunmuş rayonların bütün sosial-iqtisadi və məişət infrastrukturu məqsədyönlü şəkildə məhv edilib. Ağdam, Füzuli şəhərləri və ətrafdakı bütün kəndlər sadəcə dağıdılmayıb, evlərin tikinti blokları, qapılar, pəncərə çərçivələri, borular və su qızdırıcıları sökülərək İrana satılıb.

Əsrin sonuncu onilliyində İranın şimalında inşaat sektorunda müşahidə edilən sıçrayış Qarabağdakı Azərbaycan şəhər və kəndlərinin dağıdılmasından əldə edilən Azərbaycan inşaat materiallarına əsaslanırdı. Ermənilər bir milyon azərbaycanlını vətənindən didərgin salmaqla yanaşı, heç vaxt geri qayıda biməmələri üçün bu əraziləri səhraya çevirməyə çalışıblar”, - deyə ekspert qeyd edib.

Kuznetsov bildirib ki, 1960 rus sülhməramlısı və Rusiya FHN-nin 1500 əməkdaşı sözügedən mənzərənin canlı şahidi olduqlarına görə onlar yuxarı instansiyaları bu barədə məlumatlandırmaya bilməzdi:

“Ermənilərin barbarlığından sonra Kreml azərbaycanlıların və ermənilərin Qarabağda münaqişəsiz və dinc yaşamaq perspektivini necə düşünə bilir?”

Ekspertin sözlərinə görə, rəsmi Bakı açıq şəkildə Qarabağ ermənilərinin fiziki və siyasi varlıqlarının qayğısına qalmaq üçün onları qaçqın kimi tanımağa tələsmir. Çünki indiki Qarabağ ermənilərinin ən az yarısı Azərbaycan şəhərlərini dağıtdığı, azərbaycanlılara qarşı silahla vuruşduğu üçün bu ölkənin qanunvericiliyi baxımından cinayətkar hesab edilir:

“Şəxsən Qarabağa səfər edən insan kimi əminəm ki, oradakı ermənilər arasında Azərbaycana qarşı hərbi, iqtisadi cəhətdən heç bir cinayət törətməyən bir erməni belə yoxdur. Buna görə də mən yaxşı başa düşürəm ki, rəsmi Bakı bütün Qarabağ ermənilərini, xüsusən də Rusiya sülhməramlıları tərəfindən qaytarılmış erməniləri öz vətəndaşı elan etmək niyyətində deyil.

Orada yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşı olmaq üçün bir sıra yoxlama və filtrasiya tədbirlərindən keçməli, xarici vətəndaşlıqdan - erməni, rus, ukraynalı və s. imtina etməli, dövlət dilini yada salmalı və ya öyrənməlidir.

Bu proses aylarla deyil, illərlə, hətta onillərlə davam edəcək. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası fərdi, uzun və qərəzli olacaq. Bütün bu müddət ərzində kimsə onları dəstəkləməli olacaq, çünki “dqr”in fiziki mövcudluğunu qorumaq üçün öz mənbəyi yoxdur.

Azərbaycan açıq şəkildə bu yükü götürməyə tələsmir və düzgün iş görür. Ermənistan Qarabağ ermənilərini xain və məğlub elan etdi. Ermənistan hökuməti rəsmi İrəvanın iqtisadi potensialı olmadığı üçün Qarabağdan gələn 50 min qaçqını qəbul etmədi və onları qovdu. Nəticədə Qarabağ iqtisadi bir yük kimi Rusiyanın boynunda qaldı”.

Rusiyalı politoloq bir ay əvvəl KTMT ölkələri başçılarının virtual zirvəsində Prezident Putinin bu yükü müttəfiqləri ilə bölüşməyə, onları Qarabağın bərpasına investisiya qoymağa çağırdığını xatırlatdı. Lakin dövlət başçıları nəzakətlə susaraq, hazırda rus sülhməramlıları tərəfindən qorunan separatçı Qarabağ rejiminin qalıqlarını dəstəkləməyəcəklərini və dəstəkləmək niyyətində olmadıqlarını açıq şəkildə bildirdilər. Bununla da Qarabağ təkcə Rusiya büdcəsi hesabına Qarabağ ermənilərini bəsləyib əzizləyən Kreml üçün bahalı bir oyuncağa çevrilmiş oldu:

“Qarabağdakı ermənilərin sayının artması onların qayğısına qalan Rusiyanın xərclərinin mütənasib artması deməkdir. Suriyada, Donetskdə və Luqanskda iqtisadi infrastruktur qorunub saxlanılır, yerli oliqarxlar heç yerə itməyib, müəssisələri də fəaliyyət göstərir. Bütün bunlar Qarabağda yoxdur, o, iqtisadi cəhətdən özünü təmin edən bir bölgə deyil, buna görə də dotasiyalı deyil, yalnız parazitar ola bilər.

Rəsmi Moskva onsuz da Rusiya FHN xətti ilə humanitar yardım göstərərək 70 min Qarabağ ermənisini yedizdirir, onlara həftədə 5 və ya ayda 20 kiloqram ərzaq verir. Rus təqaüdçüləri öz dövlətlərindən belə bir dəstək almır. Sadə arifmetik hesablamalar aparsaq, hər ay - sülhməramlıların və bir qrup rus FHN əməkdaşının ehtiyacları daxil olmaqla – Qarabağa, tikinti materialları, yanacaq və avadanlıqları nəzərə almasaq, 2000 ton sırf ərzaq göndərilir.

Çoxlarının düşündüyü kimi, nə Suriya, nə Donetsk, nə də Luqansk, məhz Qarabağ tədricən Rusiya üçün “İkinci Əfqanıstan”a çevrilir - resurslar gələcəkdə heç bir təzminat ümidi olmadan xərclənir, insanlar ölür, texnika isə sıradan çıxır. Bu vəziyyət isə prinsipcə yaxşılığa doğru dəyişə bilməz. Kremlin gələcəkdə Qarabağın statusunu onun deyil, Azərbaycanın təyin edəcəyini və buna görə də gec-tez rəsmi Bakının mərhəmətinə təhvil veriləcək separatçı rejimin qalıqları ilə oynamağın axmaq və təsirsiz olduğunu dərk etməsinin vaxtı çatıb. Rusiyanın siyasi rəhbərliyi bunu nə qədər tez anlasa, ölkəsinə o qədər az iqtisadi ziyan vurmuş olar”.
Diaspora