Rusiyalı siyasətçi Qarabağdakı sülhməramlılara qarşı

Rusiyalı siyasətçi Qarabağdakı sülhməramlılara qarşı backend

Xankəndində Rusiya sülhməramlıları yox, Azərbaycan Ordusu, Azərbaycan polisi olmalı, Azərbaycan vətəndaşlığını qəbul edən yerli ermənilər də xidmətə götürülməli idi.

“Atlas” rəhbəri də o fikirdədir ki, Rusiya sülhməramlıları olmadan Azərbaycan öz sərhədləri daxilində bütün prosesləri müstəqil şəkildə idarə etmək iqtidarındadır
Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko öz kanalından canlı yayım zamanı rus sülhməramlılarının fəaliyyətinin növbəti Qarabağ savaşına yol açdığını deyib və bildirib ki, rus sülhməramlılarına Qarabağda heç bir ehtiyac yoxdur. Maksim Şevçenko onların fəaliyyətinin heç də sülhməramlı olmadığını da vurğulayıb. O deyib ki, Qarabağ - Azərbaycanın suveren ərazisidir, Azərbaycan öz torpaqlarında bütün məramlarını özü edə bilərdi. Xankəndində Rusiya sülhməramlıları yox, Azərbaycan Ordusu, Azərbaycan polisi olmalı, Azərbaycan vətəndaşlığını qəbul edən yerli ermənilər də xidmətə götürülməli idi. Azərbaycan Ordusunun, polisinin daxilində xankəndili ermənilər orada xidmət keçməli idilər.

Bizim üçün maraqlıdır - belə bir model gələcəkdə mümkün ola bilərmi, biz Xankəndindən olan yerli erməniləri polisə, orduya ala bilərikmi, onların sırasından parlamentə deputatlar seçilə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, Maksim Şevçenkonun fikirlərinə şərikdir, Rusiya sülhməramlıları olmadan Azərbaycan öz beynəlxalq sərhədləri daxilində bütün prosesləri müstəqil şəkildə idarə etmək iqtidarındadır: “Bu gün baş verənlər Azərbaycanın xoş məram nümayiş etdirib müharibəni dayandırmasından qaynaqlanır. Azərbaycan Ordusu noyabrın 8-də Xankəndi istiqamətində irəli gedib oranı da azad etməli idi. Amma həmin günlərdə Azərbaycan Rusiyanın təzyiqi ilə üzləşdi. Davam edəcəyimiz təqdirdə Qərb dövlətləri də bizi etnik təmizləmədə ittiham edə bilərdi. Təzyiqlərə, ittihamlara baxmadan Azərbaycan öz torpaqlarında hərbi əməliyyatları davam etdirməli idi. Azərbaycanın sivil ermənilərlə hər hansı bir problemi yoxdur. Biz separatçı, əli silahlı erməniləri öz torpaqlarımızdan çıxaracaqdıq, tərk-silah edəcəkdik. Bundan sonra orada quruculuq işləri görüləcəkdi. Sovet dövründə olduğu kimi, polis və digər orqanlarda azərbaycanlılarla yanaşı ermənilər də işə götürüləcəkdi. Bu gün ölkənin digər ərazilərində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının hüquqları qorunduğu kimi Xankəndində yaşayan ermənilərin də hüquqları qorunacaqdı. Bu model gec-tez bütün Qarabağ ərazisində bərqərar olacaq. Rusiya erməni separatçılarına dəstək verməklə erməniləri 3-cü müharibəyə sürükləyir. Bu müharibə ermənilər üçün daha acınacaqlı nəticələrə səbəb olacaq. Bunu Ermənistanda da başa düşürlər. Azərbaycan torpaqlarına Rusiya hərbçilərinin yerləşdirilməsinə icazə verilməsinin 1 səbəbi var - onlar həmin ərazidə sülhü, əmin-amanlığı təmin etməlidir. Amma görürük ki, təxribatların sayı artır. Rusiya hərbçilərini sülhməramlı adlandırmaq da yersizdir. Çünki separatçılarla əl-qol gəzişirlər, bayraqları altında çıxışlar edirlər. 10 noyabr bəyanatında nəzərdə tutulduğundan fərqli olaraq separatçıları tərk-silah etmirlər. Terrorçu erməni dəstələri meşələrdə qalıb Azərbaycan əsgərinə hucumlar edirlər. Maksim Şevçenko olduqca doğru vurğulayır ki, əslində rusiyalı hərbçilər Azərbaycana sülh gətirməyiblər, daha da problemi dərinləşdirməkdə davam edirlər”.

Politoloq deyir ki, bu gün rusiyalı sülhməramlıların baş verən qanunsuzluqlara görə Azərbaycan ərazisindən çıxarılmaları real deyil: “Razılaşmaya görə 5 ilin sonunda Rusiya sülhməramlılarının çıxarılması mümkündür. Bu dövrdə Türkiyə hərbçiləri mütləq şəkildə Azərbaycana yerləşməlidir. Rusiya hərbçilərinə Türkiyə hərbçiləri nəzarət etməlidir. Ortaq patrul xidməti yaradılmalıdır. Rusiya hərbçiləri və erməni separatçıları qarşılarında təkcə Azərbaycan Ordusunu deyil, Azərbaycan-Türkiyə ortaq ordusunu görməlidir. Bu halda təxribatlar da minimum olacaq. Bu, qarşı tərəfə psixoloji təzyiq vasitəsidir. Bu gün Rusiya hərbçilərinin ərazidən çıxarılması real deyil. Bu addımı atsaq, Rusiya ilə münasibətlərimiz son həddə qədər kəskinləşə bilər. Azərbaycan hakimiyyəti indiki mərhələdə buna hazır deyil. Amma bu o demək deyil ki, bu gün Azərbaycan hakimiyyəti erməni təxribatlarına susmalıdır, cavab verməməlidir. Çox təəssüf ki, erməni təxribatçılarının Azərbaycan hərbçisini şəhid etməsinə dərhal deyil, 1 gün sonra reaksiya verilir. Ermənilər də həmin 1 gün ərzində məlumat yayır ki, Azərbaycan heç bir itki verməyib və onların yalan məlumatları Rusiya mətbuatına da yayılır. Haqlı olduğumuz halda haqsız duruma düşürük. Bu gün Azərbaycan hakimiyyəti informasiya siyasətinə yenidən baxmalı, gücləndirməlidir. Moskvaya iradlar açıq bildirilməlidir, susmamalıyıq”.

Politoloq deyir ki, 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın apardığı informasiya siyasəti yüksək səviyyədə idi: “Prezident özü, müşaviri Hikmət Hacıyev çox fəal şəkildə informasiya siyasətini yönləndirirdilər. Müharibədən sonra isə bir passivlik var. Aydındır ki, bütün məsələlərə prezident, müşaviri münasibət bildirməli deyil. Bu qədər rəsmi qurum var, bunlar nəyə gərəkdir? Xarici İşlər Nazirliyi köhnə ənənəsinə qayıdır, susur. Azərbaycan 3 şəhid verib, Azərbaycan Xarici İşlər Nazirliyi susur, Türkiyə Xarici İşlər Nazirliyi isə olduqca kəskin bəyanat verir. Bu normal deyil axı. Rusiya XİN mətbuat katibi Mariya Zaxarova hər 2 gündən bir brifinq keçirib suallara cavab verir. Belə də olmalıdır. Azərbaycanda isə müvafiq qurumlar oturub yuxarıdan əmr gözləyirlər. MDB xarici işlər nazirilərinin görüşünə qatılan Azərbaycan XİN başçısı Qarabağda görülən işlərdən danışıb, amma erməni təxribatlarının üstündən sükutla keçib. Bəziləri elə bilir ki, Rusiyanı tənqid edəndə, bu, Rusiya-Azərbaycan münasibətlərinə ziyan gətirə bilər. Əksinə, biz susanda Azərbaycana daha çox ziyan verə bilər. Rusiya biz susduqca üstümüzə gəlir. Amma biz öz sözümüzü deyəndə, milli maraqlarımızı qoruyanda bu bizə fayda gətirəcək. Susmaq isə bizə ziyan verir”.

Politoloq deyir ki, ermənilərin Gorus-Qafan yolunda qoyulan, üzərində “Azərbaycana xoş gəlmişsiniz” sözləri yazılan lövhəyə zərər verməsinə də sərt reaksiya verilməlidir: “İndi erməni təxribatçılarının, separatçılarının bu addımına Azərbaycan Prezidenti reaksiya verməlidir? Əlbəttə ki, yox! Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin mətbuat xidmətləri var. Kimi, nəyi gözləyirlər? Bir təşəbbüskarlıq olmalıdır, çıxıb sərt etiraz etməlidirlər. Bu cür susqunluq bizə fayda gətirməyəcək. Bunu Maksim Şevçenko anlayır, bizim bəzi rəsmilər isə anlamırlar. Əlbəttə ki, bu gün Rusiya sülhməramlılarının əvəzinə Xankəndinə və digər ərazilərə tərkibində erməni əməkdaşlar olan Azərbaycan polisinin yerləşdirilməsi zərurəti var. Bunu açıq şəkildə demək lazımdır. Rusiya bilməlidir ki, bu gün hərbçilərinin yerləşdiyi ərazi Azərbaycan torpağıdır və orada Azərbaycan qanunları işləyir. Bunu yaddan çıxarmamaları üçün hər bir qanunsuz addımlarına, təxribatlarına Azərbaycan rəsmiləri münasibət bildirməli, yeri gələrsə, çox sərt bəyanatlar səsləndirməlidirlər. Azərbaycan öz torpağındakı əli silahsız, dinc ermənilərə öz vətəndaşları kimi yanaşır, yetər ki, vətəndaşlığı qəbul edib separatçılara dəstək verməsinlər”.

Diaspora