Xəbər verdiyimiz kimi, Vətən müharibəsində şəhid olmuş baş gizir Şahin Allahyarovun bir neçə gün əvvəl oğul övladı dünyaya gəlib. Şəhidin vəsiyyətinə görə, körpəyə Şahin adı verilib.
Musavat.com xəbər verir ki, həmin ailəyə daha bir şad xəbər gəlib.Belə ki, Almaniyada yaşayan həmvətənimiz Naibə Hacıyeva “Facebook”da paylaşım edərək şəhid Şahin Allahyarovun körpəsini 18 yaşına kimi öz himayəsinə götürmək istədiyini bildirib.
Musavat.com olaraq Naibə Hacıyevanın paylaşımını təqdim edirik:
“Əziz həmvətənlərim, 44 günlük böyük Vətən Müharibəsinin ən şiddətli və ağır günlərində ürəyimizi parçalayan yüzlərlə video, şəkil qarşıma çıxırdı. Bu videolardan biri şəhidimiz Mir Şahinin ailəsinə vəsiyyət etdiyi video idi. Şükürlər olsun Tanrıya, bu gün şəhidimizin körpəsi, Şəhidimizin adını daşıyan Mir Şahin dünyaya göz açdı. Şəhidlərlərimiz körpələrini, övladlarını bizə əmanət etdi. Biz şəhidlərimizin borcundan tarix boyu çıxa bilmərik.
Az da olsa, mən də gücüm çatan borcdan nəsə etmək istəyirəm. Bu gün bu şəkil qarşıma çıxanda dünyam bir-birinə qarışdı. Suallar içində boğuldum. Sanki körpə dil açıb məni suallara tutmuşdu. Cavabım bu oldu: “Mən səni 18 yaşına qədər öz himayəmə götürürəm”. Əlimdən sadəcə bu gəlir. Atan bizim torpaqlarımız üçün şəhid olub, bizi xoşbəxt, başıuca edib. Bağışla, körpəm! Atanı geriyə qaytara bilməsək də, ən azından mən də sənin xoşbəxt yaşamağın üçün gücüm çatanı edəcəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhun şad olsun, Mir Şahin. Xoşbəxtlərin xoşbəxti ol, şəhidimin yadigarı Mir Şahin”.
Qeyd edək ki, Şahin Allahyarov şəhidlik zirvəsinə ucalmazdan bir az əvvəl çəkdiyi video ilə diqqət çəkmişdi. O həmin videoda şəhid olacağı halda yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi.