Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Camaldın kənd sakini, "Zəfər" Ordenli şəhid Şamil Babayevin qardaşı Əli Babayevlə görüşüb
Qaziler.az bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Camaldın kənd sakini, "Zəfər" Ordenli şəhid Şamil Babayevin qardaşı Əli Babayevlə görüşüb, ona Şəhid atası Baloğlan Babayevə Mədəniyyət Komitəsi adından ünvanlanmış Məktub və üzərinə "Şuşa Azərbaycandır" yazılı saat təqdim edib.Məktubda deyilir:
"Əziz Şəhid atası,
Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Oğlunuz Şamil Babayev (26.01.1988, Culfa – 07.11.2020, Şuşa) Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olub. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq örnəyinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik, mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ali ordeni ilə, Prezidentin 15.12.2020-ci il tarixli Sərəncamı əsasındasa “Vətən uğrunda” medalı ilə təltif edilib.
Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır".
Əli Babayev valideynini ünvanlanmış ürək sözlərinə və səmimi görüşə görə təşəkkür edib.
Görüşdə, Mədəniyyət Komitəsinin eksperti Əkbər Yolçuyev iştirak edib.