Üzərində Azərbaycanın tarixi abidələrini, dövlət atributlarını, adət-ənənələrini, zəngin mədəniyyət nümunələrini, Bakı şəhərinin gözəlliklərini, Qarabağ həqiqətlərinin əks etdirən rəqəmsal plakatların olduğu xüsusi avtomobil gün ərzində ABŞ-ın Men ştatının mərkəzi küçələrini, meydanları dolaşaraq, sakinləri ölkəmiz barədə məlumatlandırır.
“Report”un xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Vətən Müharibəsindəki tarixi qələbəsini simvolizə edən layihə Men ştatında Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Rəqəmsal plakatların olduğu xüsusi maşın bir həftə ərzində Men ştatının mərkəzi küçə və meydanlarından keçərək, insanların sıx yaşadığı ərazilərdə dayanacaq. Elektron lövhəli maşın bir neçə gün ştatın təxminən 10 şəhər və qəsəbəsini gəzəcək.“Bu fəaliyyətdə məqsədimiz ABŞ ictimaiyyətinin diqqətini cəlb etməyə, ölkəmizlə bağlı mesajlar verməyə çalışmaqdır”, - deyən Mendəki Azərbaycan icmasının rəhbəri T.Əhmədov bildirib ki, elektron lövhələrdə yazılan bütün mesajlar sülhü və barışı təmsil edir: “ABŞ və Qərb mediasında Azərbaycana qarşı informasiya müharibəsi gedir. Ölkəmizin ABŞ-da könüllü elçiləriyik. Dövət başçısı İlham Əliyevin apardığı sülh siyasətini dünyaya göstərmək bizim üzərimizə düşən ən ali vəzifədir. Elektron lövhələrdə Azərbaycanın gözəlliklərini, mədəniyyətini, tarixini, müxtəlif dinlərdən olan insanların necə bir yerdə qardaşcasına yaşadığını göstəririk”.
İcma rəhbəri bildirib ki, layihənin Yeni il ərəfəsində reallaşdırlması təsadüfi deyil: “Yeni il ABŞ üçün əhəmiyyətli bayramlardandır. Layihənin yeni il ərəfəsində reallaşması insanların daha çox diqqətini çəkdi. Belə ki, artıq ilin son günləridir, iş yerləri və təhsil ocaqları bağlıdır. İnsanlar daha çox küçələrdə vaxt keçirirlər. Bu ərəfədə qələbəmizi simvol edən, sülh və barış dolu mesajların verildiyi layihəmiz uğurla davam edir”.