Azərbaycan Ordusunun könüllülərindən Murad Bağırov - FOTO

Azərbaycan Ordusunun könüllülərindən Murad Bağırov - FOTO backend

44 günlük Vətən Müharibəsinin sevincini bizə yaşadan səbəblərdən biri də həmin günlərdə xalq olaraq bir yumruq kimi möhkəm olmağımız, birlik nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda irəliyə doğru addımlamağımız idi.

Həmin günlərdə könüllülərin xidməti danılmazdır, çünki Vətən sevgisiylə döyünən ürəkləri olduqları yerdə qərar tutmazdı. Elə Bağırov Murad Nəzi oğlu kimi...

Yardımlı rayonunun Yardımlı şəhərində yaşayan 35 yaşlı kiçik çavuş M.Bağırov Yardımlı rayon məhkəməsində işləməsinə baxmayaraq, könüllü orduya yazılır:

“İyulda Tovuz hadisələri zamanı generalımız Polad Həşimovun şəhid olmasından sonra könüllü şəkildə hərbi komissarlığa müraciət etdim. Artıq sentyabrın 27-də müharibə başlayandan sonra məni səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən müharibəyə çağırdılar. Oktyabrın 10-dan isə vurulan hərbi maşınları, texnikaları döyüşlərin getdiyi bölgədən çıxarmışıq. Həmçinin davamlı hərbçilərin qida ilə təminatına yardım etmişik.

Düşmən tapdağında qalmış torpaqların azad edilməsində iştirak etdik ki, yeni doğulan gənc nəsil daha firavan və müharibəsiz şəraitdə böyüsün.

Bilirsiniz, bu döyüşlərə qatılmağımın mənim üçün ən əhəmiyyətli tərəfi ilk dəfə azad olunan torpaqlara ayağımın dəyməsi oldu. Bunu ilk Cəbrayılda yaşadım”.

Qeyd edək ki, ailədə 5 uşaq olan Murad Bağırovun bir qardaşı uzun illər kəşfiyyatçı olub, artıq bir neçə ildir təqaüdə buraxılıb. Subay olan hərbçimiz Qarabağ alınandan sonra evlənəcəyini arzu edib. İndi qalıb o arzunun reallaşması.











Firuzə Alimova

Qazilər.az
Diaspora