Vətən müharibəsində düşmənin kabusuna çevrilən xüsusi təyinatlıların erməni hərbçilərinə vurduqları zərbələr hələ uzun illər yaddaşlardan silinməyəcək.
"Qartal" ləqəbli şəhid Nurlan Hüseynov da onların arasında idi. Hələ Aprel döyüşlərindən düşmənə qan udduran Nurlan Vətən müharibəsində də öz qəhrəmanlığı ilə seçilib.Nurlan 1992-ci ildə İmişli rayonunun Göbəktala kəndində dünyaya gəlib. Onun da sıralarında olduğu Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri gördükləri işlərlə, qəhrəmanlıqlarla övünməzlər, ona görə də sağ ikən tanınmırlar. Yalnız şəhid və ya qazi olduqda onları xalq tanıyar. Elə Nurlan Hüseynov da 10 il xidmət etdiyi dövrdə bir kəlmə də olsun belə, öz şücaəti haqqında danışmadı. O, şəhid olduqdan sonra ailəsi Nurlanın igidliyi haqqında onun döyüşçü yoldaşlarından məlumat aldı.
Qazilər.az bildirir ki, AZƏRTAC-ın müxbiri qəhrəmanımızın ailəsinə baş çəkib, onlarla həmsöhbət olub.
Nurlanın böyüyüb boya-başa çatdığı kəndə çatanda onun qartal baxışlı şəkli vurulan lövhə qarşıladı bizi. Elə şəkildə də məğrur görünüşü ilə xüsusi təyinatlı olduğu diqqəti çəkirdi. Daha sonra Nurlanın ailəsi ilə görüşdük. Evdə Nurlanla bağlı xatirələr dolu olan şəkillər, medallar və 10 il şərəflə qoruyub saxladığı hərbçi formaları diqqətimizdən qaçmadı.
Şəhidin qardaşı Sərdar Hüseynov qardaşı haqqında danışarkən dedi ki, Nurlan hələ uşaq ikən hərbçi olmaq arzusu ilə yaşayırdı. O, həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələr tərəfindən seçilib. Nurlanın fiziki qabiliyyəti, bacarıqlı olması və ən əsası Vətənə bağlılığı onun xüsusi təyinatlı olması ilə nəticələndi. Xüsusi Təyinatlı Qüvvələrin sırasına qatılanda sevincinin həddi-hüdudu yox idi. Çünki arzusuna çatmışdı. O, Vətənə, dövlətə, bayrağa o qədər bağlı idi ki... Beləcə Nurlan 2010-cu ildən Azərbaycanın elit hərbçilərindən biri olaraq Vətənin keşiyində dayanır.
Onun işi əlbəttə çətin, amma bir o qədər də şərəfli idi. Şəhid anası Səliqə Hüseynova hətta bir neçə dəfə Nurlana bu işdən uzaqlaşmağı tövsiyə eləyib. Lakin Nurlan "mən Vətən üçün doğulmuşam və hərbçi yoldaşlarımdan ayrıla bilmərəm" deyib.
Nurlan xidməti dövründə saymaqla bitməyən nailiyyətlərə imza atıb. Hələ Aprel döyüşlərində düşmənə vurulan ağır zərbələrdə Nurlanın şücaətləri olub.
Şəhidin qardaşı Sərdar Hüseynov söyləyir ki, Nurlan təkcə Aprel döyüşündə 57 ermənini əlbəyaxa döyüşdə məhv edib: "Baxmayaraq ki, həmin döyüşlərdə kəllə-beyin travması almışdı, müalicədən sonra da yenidən xidmətinə qayıtdı. Nurlan bir çox kurslar, təlimlər keçən xüsusi təyinatlı gizir idi. O, Türkiyədə 24 ölkə arasında snayper atışı üzrə yarışda 1-ci olub. Həmin zaman Nurlana "Qartal" ləqəbi və üzərində qartal simvolu olan üzük təqdim edilib. Vətən müharibəsində də ən öndə gedənlərdən biri olub. Nurlan 15 döyüşçü yoldaşı ilə 1500 erməni hərbçisini qovan bir qəhrəman olub. Hətta bunu erməni tərəfi ağlayaraq etiraf edib. Nurlan və qrupu Vətən müharibəsində düşmənə, sözün əsl mənasında qan uddurub".
Qəhrəmanımızın ilk döyüş yolu Murov yüksəkliyində olub, bir çox postların azad edilməsində şücaət göstərib. Cəbrayıl, Zəngilan, Suqovuşan, Füzuli istiqamətlərində döyüş tapşırıqlarını da uğurla yerinə yetirib. Onlarla erməni postunu ələ keçiriblər və artilleriya bölmələrini məhv ediblər. Hadrut istiqamətində gedən döyüşlərdə Nurlan və qrupu düşmən tərəfinə sızma tapşırığını yerinə yetirib, ermənilərin BMP-sini qənimət olaraq götürüblər. Yenidən həmin BMP ilə düşmənə qarşı hücuma keçərkən ermənilər tərəfindən atılan raketlə BMP vurulub. Oktyabrın 14-də Nurlan şəhidlik zirvəsinə ucalıb.
Şəhidin qardaşı deyir ki, Nurlan döyüşlərdə 400-500 ermənini məhv edib. "Qardaşımın şəhid olmasına sevinirəm, çünki bunu özü istəyirdi və söyləyirdi ki, Vətənimin azadlığı üçün son qanıma qədər döyüşəcəyəm. Belə də etdi, o, sağ ikən də qəhrəmanlığı ilə yaddaşlarda qalmışdı və qəhrəmancasına da şəhid oldu", - deyə Sərdar söyləyir.
Nurlan Hüseynovun xatirələrini atası Madər Hüseynov bir qəhrəmanlıq tarixi olaraq yaddaşına həkk edib. Şəhid atası övladı haqqında fikirlərini bu sözlərə ifadə edib: "Belə bir övlad yetişdirdiyim üçün çox qürurluyam. Mən özüm də Vətənimə bağlıyam və övladlarıma bu tərbiyəni vermişəm. Nurlan ən çox arzuladığı şəhidlik zirvəsinə ucalmaqla məni də qürurlandırdı, mən də özümü şəhid atası kimi zirvədə hiss edirəm".
Şəhidimiz ata-baba yurdu olan İmişlinin Göbəktala kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.