Dekabrın 20-i Baş qazi Etimad Əsədovun anadan olduğu gündür
Qaziler.az bildirir ki, Əsədov Ehtimat Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.
1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.
2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.
Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.
Ali təhsilli idi.
Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.
“Qarabağ qaziləri” İctimai Birliyinin mərhum sədri Etimad Əsədov 2018-ci il oktyabr ayının 16-da vəfat edib.