Firudin Məmmədov: “Canını, sağlamlığını vətən yolunda qurban vermiş insanların öz hüquqlarına çatması üçün ölkə vətəndaşlığından imtina etməsini təqdir etmirik.”
“Bir qrup Qarabağ əlili və şəhid ailəsi onlara çatacaq sığorta pulunu (“qan pullarını”) almaq üçün imza toplayırlar”. Bu barədə “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov virtualaz.org saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, uzun müddətdir öz haqlarını ala bilməyən 200 nəfərə yaxın Qarabağ əlili və şəhid ailəsi Azərbaycan vətəndaşlığından imtina etmək üçün sənəd imzalayıb. Qaziler.az saytına açıqlamasında F.Məmmədov əlavə olaraq bunları bildirib.“Biz canını, sağlamlığını vətən yolunda qurban vermiş insanların öz hüquqlarına çatması üçün ölkə vətəndaşlığından imtina etməsini təqdir etmirik. Axı bu insanlar elə imtina etmək istədikləri bu vətən üçün həyatlarını və sağlamlıqlarını qurban veriblər. İstəməzdik ki, bu sayaq hərəkətlərə yol verilsin. Çalışacağıq ki, döyüşçü dostlarımızı, onların ailə üzvlərini bu yoldan daşındıraq. Vətənin dəyəri heç bir maddiyyatla ölçülə bilməz. Amma onu da unutmaq olmaz ki, şəhid ailəsinin, Qarabağ əlilinin haqqını vermək lazımdır. Hərbi qulluqçuların icbari şəxsi sığortası, biz ona öz aramızda “qan pulu” da deyirik, ödənilməlidir.” – deyə, F. Məmmədov bildirib.
Xatırladaq ki, artıq neçə ildir şəhid ailələri və Qarabağ əlilləri qanunla onlara çatacaq sığorta pulunu ala bilmirlər. Bilməyənlər üçün bir daha xatırladaq ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündə bu qədər vaxt keçməsinə baxmayaraq şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər. Hətta elə şəhid ailəsi, Qarabağ əlili var ki, əllərində bu vəsaitin sığorta şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Di gəl ki, “Azərsığorta” Dövlət Şirkəti müxtəlif bəhanələr gətirərək bu vəsaiti ödəməkdən boyun qaçırır. Bütün məhkəmə instansiyalarını keçən problem hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununa qədər gedib çıxıb. Konstitusiya Məhkəməsi Plenumu da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma “xırda” bir tövsiyə ilə - “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. Həmin qərar verilən andan bu günə qədər şəhid ailələri dəfələrlə Milli Məclisdə olub, çoxlu sayda millət vəkilləri ilə görüşüb problemin həllinə kömək istəyiblər. Lakin bu günə qədər heç bir nəticə olmayıb.