Şuşa yolunda canını fəda edən gəncimiz

Şuşa yolunda canını fəda edən gəncimiz backend

Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan biri də Rzaxanov Nihat Natiq oğludur.

2001-ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gələn Nihat 2007-ci ildə 301 N-li məktəbdə birinci sinfə başlayır. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayır. 2019-cu ildə Ağcabədi rayonunda hərbi hissəyə yollanır.

Nihat 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü olaraq gedir və qəhrəmancasına vuruşur. Şəhidin anası İradə xanımın sözlərinə görə, oğlu Nihat son dəfə anasına zəng edərək “Ana mən getdim” deyir və sağollaşır.

Nihat noyabr ayının 6-sı səhər saat 11 radələrində Xocavənd istiqamətində hücuma keçərkən bir neçə əsgər yoldaşına kömək edir və nəticədə başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

Ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif olunan Nihatın anasının indi yalnız bir arzusu var. Yaşadıqları ərazidəki küçəyə şəhid oğlunun adı verilsin.

Qeyd edək ki, evin, demək olar ki, tək çalışan üzvü Nihat şəhid olduqdan sonra ailənin maddi vəziyyəti yaxşı deyil. Ailə təmirsiz və şəraiti olmayan evdə yaşayır.

Diaspora