Qarabağ erməni silahlılarından təmizlənir

Qarabağ erməni silahlılarından təmizlənir backend

Ruslan İmamquliyev: “Bizi müharibəyə məcbur edərlərsə, bu dəfə müharibə Ermənistan ərazisində olacaq”

Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın razılaşmalarını pozur. Azərbaycanın ermənilər yaşayan Dağlıq Qarabağ bölgəsində hələ də erməni silahlı biləşmələrinin qalıqları mövcuddur. Ermənistan onları nəinki oradan çıxarmır, əksinə, terrorçu fəaliyyətlərə sövq edir, öz aləmlərində Azərbaycan hərbçilərinə qarşı partizan mübarizəsi təşkil etdiklərini bəyan edilər.

Xüsusilə son günlərdə erməni silahlıları Hadrut istiqamətində Azərbaycan silahlı qüvvələrinə qarşı təxribatlara cəhd ediblər. Paralel olaraq da Rusiya sülhməramlıları təhrif olunmuş xəritə yaydılar. Azərbaycan hərbçiləri isə bunca olanlara rəğmən üstünlüyü saxladılar. 160 erməni quldur tərk-silah edilib əsir götürüldü. Bu proses hara qədər davam edəcək? Erməni quldurlar kimdən ruhlanıb Qarabağda müqavimət göstərir? Azərbaycan müharibə başlatsa, Xankəndini, Xocalını, Ağdərəni götürə bilərmi? Bu proses sonda müharibənin yenidən alovlanmasına səbəb ola bilərmi? Türkiyənin müdafiə naziri Hulusi Akar da bəyan edib ki, müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik, artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəçiliyi götürmüşük.

Hərbi ekspert Ruslan İmamquliyev isə “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibə sülhə məcburetmə fazası idi. Sülhə məcburetmə fazası çərçivəsində torpaqlarımızın böyük hissəsi işğaldan tam azad olundu. Bundan sonrakı mərhələdə artıq sülhü qoruma və möhkəmlətmə fazasıdır ki, bu fazanın da özünün bir prinsipial yanaşmaları var: “Məhz bu fazada 10 noyabr tarixdə üçtərəfli bəyanatdan sonra Rusiya və Türkiyə sülhməramlıları ərazidə olmalı idi. Amma bu gün bölgədə daha çox rus sülhməramlılarının iştirakı mövcuddur. Onların fəaliyyətindən və baş verənlərdən isə görünür ki, Rusiya sülhməramlılarının ciddi təcrübəsi yoxdur. Təcrübəsizlik özünü göstərir. Ərazilərin erməni silahlılarından təmizlənməsi lazımdır. Rusiya sülhməramlılarının işlərinə etinasız yanaşması və ya təcrübəsizliyi nəzərə alınaraq Azərbaycanın güc struktrurları bölgədə öz qanuni, konstitusion fəaliyyətlərini həyata keçirirlər. Hazırda təmizlik işləri görülməkdədir. Onun nəticəsi olaraq da Ermənistan silahlı qüvvələrinə məxsus, həmçinin erməni terrorçu qüvvələri zərərsizləşdirilib. Bu fəaliyyətlər torpaqlarımızın tam olaraq erməni silahlılarından təmizlənməsinə qədər davam edəcək. Azərbaycan bu mərhələdə də dünyanın səssiz qalmasına baxmayaraq öz torpaqlarında lazımi təmizləmə işlərini həyata keçirəcək. İstənilən təxribatçı hərərkətlərin, təxribatçıların qarşısı sərt şəkildə alınıb zərərsizləşdiriləcək. İnanıram ki, bu şəkildə biz davam etsək Ermənistan silahlılarının Qarabağda mövcuduyyəti tamamailə darmadağın ediləcək. Onların artıq bundan sonra bizim torpaqlara istər sızma olaraq, istər hər hansı təcavüz olaraq göz dikmək imkanları olmayacaq”.

R.İmamquliyev vurğuladı ki, ümumiyyətlə, ermənilərin Azərbaycan torpaqlarında bu cür terrorçu fəaliyyətləri 19-cu əsrin əvvəllərindən baş verir. Hə dəfə də bu fəaliyyətlərində onlar bir deyil, bir neçə havadarlarına arxalanıblar və onlardan ruhlanıblar. İndi də belədir: “Lakin bu gün onların yanında bir çox havadarların olmağına baxmayaraq Dəmir yumruq əməliyyatı ilə torpaqlarımız işğaldan azad olundu. Bundan sonra da ermənilərin təxribatçı fəaliyyətləri ola bilər. Biz bundan çəkinməməliyik və sona qədər düşmənin torpaqlarımızdan təmizlənməsini həyata keçirməliyik. Ermənilərin və havadarlarının məlum naqis hərəkətləri bizi daha güclü olmağa təşviq edir”.

Hərbi ekspert hesab edir ki, məsələnin böyüyüb yenidən böyük müharibə fazasına keçməsi üçün Ermənistan silahlı qüvvələrinin müharibə qabiliyyətli olması lazımdır. Bu gün isə onlarda həmin qabiliyyət mövcud deyl: “Çünki 44 günlük müharibədə çox böyük itkilərə məruz qalıblar. Ermənistan ordusunun qeyd olunan qabiliyyət imkanını əldə etməsi üçün 10 ildən artıq vaxt lazımdır. Azərbaycan isə heç də uzaq olmayan dövrdə öz ərazilərində tamamilə təmizləməni həyata keçirib ərazini əhalinin normal yaşaması vəziyyətinə gətirəcək. Mən indiki vəziyyətdə düşünmürəm ki, Ermənistan geniş bir müharibəyə qol qoymaq riski edə. Yox, əgər onlar bizi müharibəyə məcbur edərlərsə, bu dəfə müharibə Ermənistan ərazisində olacaq”.

Ekspert onu da bildirdi ki, Ermənistan və havadarları Türkiyə müdafiə nazirinin son xəbərdarlıq xarakterli bəyanatından da nəticə çıxarmalıdırlar.

“Yeni Müsavat”
Diaspora