Vətən savaşında şəhid olan 18 yaşlı Axıska türkü

Vətən savaşında şəhid olan 18 yaşlı Axıska türkü backend

Qarabağ sevdalı 18 yaşlı qəhrəman Səlim Cabbarov.

Səlim Qulam oğlu Cabbarov 2002-ci il fevral ayının 6-da Saatlı rayonunun Şirinbəy kəndində doğulub. 2008-ci ildən 2019-cu ilə kimi Şirinbəy kənd tam orta məktəbində təhsil alıb.

Səlim Cabbarov məktəbdə oxuduğu müddət ərzində intizamlı, çalışqan şagird olub, məktəbin ictimai işlərində fəal iştirak edib, şagird kollektivinin, müəllimlərinin sevimlisi olub.

Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin bölgə rəhbəri Mühiddin Xalilov soydaşı olan əziz şəhidimiz haqqında ürək sözlərini bizimlə bölüşdü:

“Hamımız onun vətənpərvər gənc olduğunu görürdük, bilirdik, qürur duyurduq. Səlim yuxarı sinifdə oxuyan zaman tez-tez sual verərdi ki, müəllim, niyə torpaqlarımız işğal altındadır? Yaşı çatmasa da, deyərdi ki, müəllim, məni aparsalar, gedib işğalda olan torpaqlarımızın alınması üçün döyüşərəm. O, qorxmaz və vətənpərvər bir gənc idi; məktəb illərində idmana daha çox maraq göstərərək, güləş və təkbətək döyüş növləri ilə məşğul olurdu”.

Səlim Cabbarov oktyabrın 2-də Talış döyüşlərində şəhid olub.

Səlim böyüyüb boya-başa çatdığı Saatlı rayonu Şirinbəy kəndində torpağa tapşırılıb.

Şəhidin anası Dəstə Cabbarova şəhid oğlundan söz düşüncə “Vətən sağ olsun! İki oğlum var, gərək olar, onlar da Vətən uğrunda döyüşər” deyir. Dəstə xanım oğulları ilə, biz də belə oğullar böyüdən ana ilə, belə nümunəvi ailələrlə, belə vətəndaşlarla qürur duyuruq!

Səlim Şirinbəy kəndinin Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olan ilk sakinidir.

O öz yaşıdları, yeniyetmələr üçün bir vətənpərvərlik örnəyidir. O, adı kimi ömür sürüb: doğru-dürüst, inanılan, aqibəti yaxşı olan...

Şəhidimizin qanı yerdə qalmayıb. O, şəhid olduqdan sonrakı günlərdə silah yoldaşları daha da irəliləyib, Ordumuz Tarixi Zəfər qazanıb.

Səlim şəhid Milli Qəhrəmanımız İsgəndər Aznaurovun həyat və döyüş yolu ilə maraqlanarmış. Bugün ikisinin də ruhu şaddır! Onların uğrunda şəhid olduğu torpaqlar azad olunub!

Şəhidlərimizin ruhuna duaçıyıq.

Vətən sağ olsun!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri
Diaspora