Azərbaycanın qətiyyətli mövqeyi nəticəsini verdi - xəritə böhranı çözüldü Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə yenidən baxıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazirliyin rəsmi saytında Sülhməramlı Qüvvələrin nəzarətində olan ərazilərin əks olunduğu xəritəyə düzəliş edilib. 14 dekabr 2020-ci il tarixli başlıqla yerləşdirilən xəritədə Cəbrayıl rayonunun ərazisinə daxil olan iki kənd yenidən Azərbaycan qoşunlarının nəzarətində olan ərazilər kimi göstərilib.Onların son xəritəsində Köhnə Tağlar və Çaylaqqala Azərbaycan Ordusunda görünür. Bu barədə Ermənistan mediası da yazıb. Beləliklə, Rusiya və onun Qarabağdakı sülhməramlılarının xəritə böhranı çözüldü. Azərbaycan cəmiyyətindən yüksələn etirazlar, diplomatiyamızın israrlı və qətiyyətli mövqeyi, Türkiyə müdafiə naziri Hulusi Akarın kəskin açıqlaması öz təsirini göstərdi. Hulusi Akar Türkiyənin mövqeyini bu sözlərlə ifadə etmişdi: “Əgər anlaşmalar pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəçiliyi götürmüşük”.
Lakin bir məsələ qeyd olunmalıdır ki, Rusiyanın Azərbaycan ictimaiyyətində yüksəlməkdə olan nüfuzu və ona yenicə yaranan kövrək inam bu xəritə olayından, bu prosesdən ciddi zərər gördü. Bundan sonra nələr olacaq? Gələcəkdə təkrarlanma ehtimalının olmaması üçün nə etməli? Ümumiyyətlə, fors-major vəziyyətlərdə Azərbaycan birtərəfli qaydada sülhməramlılardan imtina edə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlıları üçtərəfli bəyanatda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritələr açıqlamışdı və bu hallar Azərbaycan ictimaiyyətində təəccüb, ciddi narazılıq doğurub: “Azərbaycan xalqı haqlı olaraq soruşdu ki, Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verib? Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərirdi. Rusiya Qələbə paradında Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikasının nümayişini həzm edə bilmir sanki. Gündə bir xəritə çəkib dövriyyəyə buraxmaq səlahiyyətini kim verib Rusiyaya? Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-real idi və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var idi. Rusiya Azərbaycan ictimaiyyətinin, dövlətin narazılığının ciddi olduğunu fərq etdi və gərəkən düzəliş edildi.
Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir.
Rəsmi Bakı arxayınlaşmamalıdır. Rusiya sülhməramlılarının fəaliyyətini öz öhdəlikləri çərçivəsində qurmasının vacibliyini Moskvanın nəzərinə daim çatdırmalıdır. Rusiya sülhməramlılarına Azərbaycan ictimaiyyətinin narazılığı əsaslı və haqlıdır. Xəritədə düzəliş etmək müsbət addımdır. Lakin təkcə bu addım Azərbaycan ictimaiyyətində olan narazılığı tam aradan qaldıra bilməz. Ona görə ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı separatçılarla, Azərbaycana cinayətlər törətmiş və buna görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barələrində cinayət işi açılmış ermənilərlə sıx əlaqə qurublar, separatçıların qondarma bayrağının önündə poz verib şəkil çəkdirirlər, Ermənistandan erməni əhalinin Dağlıq Qarabağa gətirilməsi ilə məşğuldurlar. Daşınan həmin ermənilərin içində terrorçuların olması ehtimalı yüksəkdir. Bütün bunlar hamısı Azərbaycanın əleyhinədir. Azərbaycan cəmiyyətinin narazılığı xəritə məsələsi ilə yanaşı bu kimi hərəkətlərədir".
Politoloqun fikrincə, Azərbaycan gərək ilk vaxtdan qəti şəkildə təkid edəydi ki, Xankəndinə və digər məlum rayonlara rus sülhməramlıları gələcəksə, türk sülhməramlılar da gəlməlidir: “Bundan sonra da bu məsələni qaldırmaq və buna nail olmaq olar. Necə ki, Ağdamda qurulacaq atəşkəsə birgə nəzarət üçün monitorinq mərkəzində Türkiyə və Rusiya hərbçiləri olacaq, eləcə də sülhməramlılar sırasında da Türkiyə hərbçiləri olmalıdır. Bu məsələni həll etmək indi də gec deyil. Çünki biz bu məsələni həll etməsək, bir qədər sonra yenə hansısa problemlər meydana çıxacaq, Rusiya bildiyini edəcək, ermənilərin də bu vəziyyətdə bizə qarşı təxribatlarının sayı artacaq. Türkiyə sülhməramlıları bölgədə olmasa, elə bir vəziyyət yarana bilər ki, silahlı ermənilərlə rus sülhməramlıları bizə qarşı birgə açıq fəaliyyətə keçə bilər. 30 il öncəki tarixi təkrarlamağa cəhd edə bilərlər. Biz tarixdən və səhvlərdən gərək ciddi nəticə çıxaraq.
Azərbaycan ortaya mövqe qoyub bəyan eləməlidir ki, Rusiya sülhməramlıları separatçılara dəstək xarakterli davranışlar nümayiş etdirəcəklərsə, bundan sonra Azərbaycanın maraqlarına zidd addım atacaqlarsa, sülhməramlı missiyadan kənara çıxan hərəkətlər edəcəklərsə, Azərbaycan onlardan imtina edəcək, buradan çıxarılması məsələsini rəsmən qoyacaq. Sülhməramlı qüvvə əgər sülhməramlı missiyasından kənar addımlar atırsa, beynəlxalq hüquq ölkəyə imkan verir ki, onlardan imtina etsin".
“Yeni Müsavat”